"İkinci hissədə daha aktiv ola bilərdik" - Qurban Qurbanov
“Qarabağ” Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Şamaxı” üzərində minimal hesabla qələbə qazandı – 1:0. Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunu dəyərləndirib:
“Çox vacib qələbə idi. Burda oynamaq heç də asan deyil. Həm stadiona görə, həm də Şamaxı dəniz səviyyəsindən hündürdə yerləşir. Öyrəşməyəndə bura gəldiyin ilk günlər nəfəs almağa belə çətin olur. Futbolçular üçün bu asan deyil. İkinci yarıda bu hiss olundu. İkinci hissədə daha aktiv ola bilərdik, amma alınmadı. Oyunçular çox əziyyət çəkdi. Dəfələrlə demişəm ki, oyundan-oyuna “Şamaxı” barədə məndə ancaq xoş təəssüratlar olur. Çox istəkli komandadır və hər oyun istənilən futbolçusunun daha yaxşı olduğunu görürəm. Belə komanda yaratdığına görə, Cavid Hüseynovu təbrik edirəm”.
“Qarabağ”ın baş məşqçisi əsas heyətin bəzi futbolçularını ehtiyatda saxlamasına da aydınlıq gətirib:
“Millidən qayıdan futbolçuları nəzərə almışdıq. Onların normal istirahət etməyə vaxtları olmamışdı. İki 90 dəqiqə oynamışdılar. Bu səbəbdən bir az rotasiya etdik. Digər futbolçular da mənim yanımda idilər və onların hazırlığından razı idim. “Qalatasaray”a qarşı çox yaxşı oyun göstərmişdilər. Narahatlığım yox idi, onlar da bu matçda çıxış etməyə layiq idilər”.
Q.Qurbanov bu mövsüm çempionatda uduzmamalarına çox da fikir vermədiyini söyləyib. O, qarşılarına mövsümü məğlubiyyətsiz başa vurmaq barədə hədəf qoymadıqlarını deyib:
“Əsas istəyimiz çempionluqla bağlıdır. Hədəfimiz budur və hələ qarşıda bizi gərgin oyunlar gözləyir. İnanın ki, məğlub olmamaq haqqında düşünmürük. Olmasa, daha yaxşı olar, amma buna görə işimizi qurmalı deyilik. Çünki futbol elə bir oyundur ki, burda məğlubiyyət qaçılmazdır. Əlbəttə ki, hər oyun qalib gəlmək üçün meydana çıxacağıq. Amma həmişə bərabərliyi də, məğlubiyyəti də göz önünə alırıq”. (CBC Sport)
AYXAN







