"Kadi rəqibin heyətində ən təhlükəli futbolçudur" - İsveçrə mətbuatı
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün “Sürix”lə qarşılaşacaq. İsveçrə mətbuatında hər iki klubun futbolçuları müqayisə olunur, hansı komandanın qalib gələ biləcəyi ilə bağlı ehtimallar səslənir.
Msport.az “kmedia-ch.ch saytında dərc olunan yazıdan bir hissəni təqdim edir:
Futbolçuların fərdi ustalıq səviyyəsinə görə “Sürix” rəqibindən öndədir. Özü də meydanın bütün hissələrində. Azərbaycanlı futbolçulardan başqa, klubda Monteneqro millisində çıxış edən 2 və Gürcüstan yığmasında oynayan 1 oyunçu var.
“Sürix”in heyətindən isə milli komandalara (Kosovo, Estoniya, Konqo, Benin, Qvineya) 7 futbolçu dəvət olunur. Həmçinin bu yaxınlarda İtaliya yığmasında debüt etmiş Vilfred Qnonto. Bu siyahıya zədədən sonra bərpa dövrü keçən Besir Omeraqiçi və Ole Selnaesi (Norveç) də əlavə etmək mümkündür.
Bunnunla belə, Franko Fodanın komandası bu gün bir nəfərə qarşı ehtiyatlı olmalıdır. 26 yaşlı braziliyalı Kadi rəqibin heyətində ən təhlükəli oyunçudur. Ötən mövsüm 43 görüşdə 20 qol vuran və 17 məhsuldar ötürmə verən futbolçunun adının matçöncəsi son hazırlıqda hallanacağı şübhə doğurmur. “Lex Poznan”a qarşı cavab oyununda da Kadi dubl etdi.
“Sürix” sübut etməlidir ki, mayda çempion olması təsadüf deyil və 2009-cu ildən çıxış etmədiyi yarışa (Çempionlar Liqası) qayıtmağa hazırdır.