Kamran Quliyevin "Neftçi"nin prezidenti kimi son şəkillləri
Yaxın günlərdə “Neftçi”də böyük dəyişiklər baş verə bilər. Artıq baş məşqçi postuna Adrian Mutunu gətirən paytaxt klubunun rəhbər şəxlərinin də stefaya göndəriləcəyi gözlənilir.
Msport.az-ın əldə etdiyi məlumata görə, klubun prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, hətta Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Neftçi”dən ayrılacaq. Bütün bunlar heç də Rusiya səfəri ilə bağlı deyil. Aydın məsələdir ki, ötən mövsümdəki faciəvi nəticələrdən sonra hansısa dəyişiklər olmalı idi. Bu yeniliklər isə artıq ənənəvi qaydada – baş məşqçini göndərməklə edilmir.
“Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf kluba nəzarəti tam əlində cəmləşdirmək marağındadır. Bu səbəbdən də özünə yaxın kadrları “ağ-qara” kluba cəlb edəcək. Həmin adamlardan biri Mutunun gəlişində vasitəçi olmuş Kamil Məmmədovdur. Uzun illərdir Azərbaycan futbolunda olan “Olimpik”, “Standart”, “Şahdağ” kimi klublara rəhbərlik etmiş Məmmədovun “Neftçi”də müşavir postunu tutacağı gözlənilir. Bundan başqa, kluba yeni prezident də təyin ediləcək. Lakin bir çox vacib məsələlərə daha təcrübəli Məmmədov cavabdeh olacaq.
Kamran Quliyev isə deyəsən, dünən “Neftçi”nin prezidenti kimi “Otkrıtie Arena”da son şəkillərini çəkdirirdi deyə, yaman həvəsə düşmüşdü. Oyunla bağlı bu gün hansı fotonu açırsan, ordan Quliyevlə “Spartak”ın baş direktoru Oleq Malışev sənə baxır.
Yeri gəlmişkən, “Neftçi” Moskva təmsilçisi ilə əməkdaşlıq memorandumu imzalayıb. Vaxtilə “ağ-qaralar”ın “Bursaspor”la da belə bir əməkdaşlığı var idi. Bu əməkdaşlıqdan ortaya nə çıxdı? Bir bildiyim odur ki, “Bursaspor” ildən-ilə bir liqa aşağı düşür. İndi eyni aqibət “Spartak”ın da başına gəlməsə yaxşıdır.
AYXAN







