"Kənardan elə göründü ki, həyat yoldaşımın sayəsində İsveç klubuna keçmişəm" - "Neftçi"nin əfsanəsi
“Neftçi”nin əfsanəsi, hazırda isə “Sabah”ın idman direktoru olan İqor Ponomaryov karyerası ilə bağlı bəzi məqamları xatırlayıb.
Msport.az xəbər verir ki, 63 yaşlı veteran yarımmüdafiəçi “Sport24.ru” saytına açıqlamasında maraqlı faktların üstünü açıb.
O, karyerası ərzində 3 dəfə şanssızlıqla üzləşdiyini bildirib: “Neftçi” aşağı liqaya düşəndən sonra anladım ki, yeni komanda axtarmağın vaxtı çatıb. Bu barədə o vaxtkı idman komitəsinin sədrinə məlumat verdim. Birdən dedi ki, yeri gəlmişkən, səni “Şalke”yə dəvət edirlər, getmək istəyirsən? Sənədləri hazırlamağa başladıq. “Neftçi”nin toplanışına qatılanda öyrəndim ki, məni “Şalke”də yox, “Norrçöpinq”də gözləyirlər. Sən demə, mən təlim-məşq toplanışında olarkən həyat yoldaşıma idman komitəsindən zəng vuraraq soruşublar ki, ərinizin İsveçdən təklifi var. Getmək istərdiniz? Olya da razılaşıb. Kənardan elə göründü ki, həyat yoldaşımın sayəsində İsveç klubuna keçmişəm. Amma narahat olmadım. İsveç İsveçdir. Pis ölkə deyil.
Ponomaryovun sözlərinə görə, növbəti xoşagəlməz hadisə “Norrçöpinq”lə müqavilə imzalayanda baş verib:
“Qəribə sovet qanunvericiliyinə görə İsveçdə çox az maaş almağa məcbur oldum. Gülməli bir müqavilə imzaladım. Orada belə bir qayda var idi ki, xaricdə işləyən soydaşlarımızın SSRİ-nin bu ölkədəki səfirindən artıq maaş almaq hüququ yoxdur. Hər ay sovet konsulluğuna gəlirdim, orada mənə 4500 kron – min dollara yaxın pul hesablanırdı. Bir tanış isveçli bundan xəbər tutanda mənimlə zarafatlaşaraq, “Bizim, İqor, daha çox işsizlik müavinəti alır” dedi”.
Veteran futbolçunun ən ciddi problemi isə zədə ilə bağlı olub: “Seul olimpiadasında Koreya ilə matçda dizimdən ciddi zədə aldım, buna görə bütün turniri ehtiyat oyunçular skamyasında keçirməyə məcbur oldum. Başa düşdüm ki, Oyunlar mənim üçün bitib, göz yaşları axıtmaq artıq əbəsdir. Topa çıxarkən yerə pis düşdüm və heç nə hiss etmədim, matçı bitirdim. Səhər oyananda gördüm ki, ayağım qatlanmır. Növbəti matçdan əvvəl Anatoli Bışovets soruşdu ki, oynaya bilərsənmi?” Dedim ki, 45 dəqiqə dözərəm. İynə vurdular və ikinci hissədə məni əvəzedici kimi meydana buraxmağa qərar verdilər. Kənarda isinməyə başladım, lakin 20 metr qaçdıqdan sonra dizimdəki ağrıdan məndən soyuq tər çıxdı. Olimpiadada qalan günlərdə uşaqların qələbə üçün mübarizə aparmasından dəhşətli xəcalət hissi keçirdim və onlara yük oldum. Finalda hansısa formada komandama fayda verməyə çalışdım – su şüşələrini daşıyırdım”.
Ponomaryov İsveçdə zədəsini sağalda biləcəyini düşünsə də, ağrıları keçməyib. Ona görə də tezliklə karyerasını bitirməli olub. O, ölkə xaricində cəmi bir il keçirib. 17 matçda iştirak edən veteran futbolçu üç qol vurub: “İsveçlilər bir az axsadığımı gördülər, məsələnin nə olduğu ilə maraqlandılar. Yalan danışmaq məcburiyyətində qaldım. Dedim ki, bu, məndə uşaqlıqdan var. Amma yarım mövsüm məşq etdikdən sonra nəhayət ki, hər şeyin üstü açıldı. Evə gəlib həyat yoldaşıma dedim ki, məncə, bu sondur. Daha bir ay dözdüm. Həftədə bir dəfə – cümə axşamı məşq edib, şənbə günü meydana çıxırdım. Son iyirmi dəqiqədə dizim şişirdi və çətinliklə hərəkət edirdim. Başqa bir əməliyyat keçirdim, amma bu, məni futbolla vidalaşmaqdan xilas etmədi. Həmin il çempion olan “Norrçöpinq”də özüm üçün yaxşı ad qazandım. Klub ağrılarıma baxmayaraq, mövsümü ləyaqətlə keçirdiyim üçün mənimlə insanca davrandı və ayağa qalxmağıma köməklik etdi. Maşını, mənzilimi və maaşımı saxladılar. Həmçinin klubda mənə yeni vəzifə verdilər”
CAHİD







