Mahmud Qurbanov: "Dörd klubumuzun hər biri mərhələni keçə bilər" - MÜSAHİBƏ
“Kəpəz” və “Səbail”in sabiq baş məşqçisi Mahmud Qurbanovun Msport.az saytına müsahibəsi
– “Qarabağ” bu gün Bakıda “Rakuv”la cavab oyununa çıxacaq. İlk matçdakı 2:3 hesablı məğlubiyyəti nəzərə alsaq, şansları necə dəyərləndirirsiniz?
– Görüşün ağır keçəcəyini düşünürəm. Hər iki cinah müdafiəçiləri zədəlidir. Elvin Cəfərquliyevin oynayıb-oynamayacağını bilmirəm. Meydana çıxmasa, ciddi itki olacaq. Hər iki oyunçu müdafiədə və hücumda yaxşı təsir bağışlayır. Üstəlik, Polşa təmsilçisi də asan rəqib deyil. İlk matçda nə qədər aqressiv və istəkli olduqlarını göstərdilər. Bir çox epizodda təkbətək mübarizələri uddular. Yaxşı hücumlar qurmağı bacaran kollektivdir. Lakin “Qarabağ” da ilk qarşılaşmada yaxşı oyun nümayiş etdirdi. Sadəcə, qapıçının kobud səhvlərindən məğlub oldu. Rəqib nə qədər güclü olsa da, Qurban Qurbanov və komandası çox təcrübəlidir. Bu cür ağır oyunlardan keçiblər. Hətta “Rakuv”dan da güclü komandalarla qarşılaşıblar. Bu baxımdan növbəti mərhələyə Ağdam təmsilçisinin keçəcəyini gözləyirəm. Komandaya inamım böyükdür.
– “Sabah” ilk matçda Latviyanın RFŞ komandasınını 2 cavabsız qolla üstələdi. Murad Musayevin komandasını növbəti mərhələdə saymaq olarmı?
– “Sabah” səfər görüşündə həm nəticə, həm də oyun baxımından bir baş üstün olduğunu göstərdi. Azərbaycan çempionatında necə oyun sərgiləyirlərsə, səfərdə də bunu etdilər. Aleksey Kaşukun getməsinə baxmayaraq, sağ və sol cinahlardan yaxşı hücumlar qurdular. Komanda çox istəkli və aqressiv idi. Amma arxayınlaşmamalıdırlar. Əllərinə çox gözəl şans düşüb. Diqqətli oynasalar, növbəti mərhələyə adlarını yazdıracaqlar. Bununla da Azərbaycanın xal ehtiyatını artıracaqlar.
– “Neftçi” də Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıtdı. Səfərdə “Jelezniçar”la 2:2 hesablı heç-heçə edən “ağ-qaralar”dan cavab matçında nə gözləyirsiniz?
– “Neftçi” dəyişir. Yeni icraçı direktor, baş məşqçi, futbolçular gəlib. Bəzi oyunçularla yolları ayırdılar. Bosniyadakı görüşün xüsusilə ikinci hissəsində yaxşı oynadılar. Kifayət qədər epizoda girdilər, baxımlı qol da vurdular. Həmin oyunu “Spartak”la yoldaşlıq matçı ilə müqayisə etsək, çox yaxşı təsir bağışladılar. Oyun planında irəliləyiş var. “Jelezniçar” aqressiv, hay-küylə oynayan komandadır. Asan olmayacaq. Amma düşünürəm ki, növbəti mərhələyə məhz “Neftçi” adlayacaq. Hücumçu problemini həll etsələr, daha yaxşı komanda görəcəyik.
– Yəqin ki, 3 təmsilçimiz arasında mərhələ adlamaq şansı ən az olan komanda kimi “Qəbələ”ni görürsünüz. Evdə Kipr “Omoniya”sına 2:3 hesablı məğlubiyyət “qırmızı-qaralar”a nə dərəcədə mane ola bilər?
– “Qəbələ” evdə ilk oyunu uduzsa da, çox yaxşı çıxış etdi. Bir neçə aparıcı futbolçusu getsə də, baxım oyun sərgiləyirlər. Qarşıda hələ cavab oyunu var. Şansları davam edir. Həvəsdən düşməməlidirlər. İnanıram ki, səfərdə bu vəzifənin öhdəsindən gələcəklər. “Omoniya” yaxşı komandadır. Əsasən standart vəziyyətlərdə təhlükəlidirlər. Bütün klublarımıza uğurlar arzu edirəm. Hər biri mərhələni keçə bilər. Onlara azarkeşlik edəcəyik.







