featured-image-28479

Azərbaycan Premyer Liqasının XXXI turunun “Səbail” – “Neftçi” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Çox yaxşı oyun izlədik. Qarşılıqlı hücumlar şəraitində keçən futbol oldu. Komandama təşəkkür edirəm, keyfiyyətli oyun oynadıq. Bu vaxta qədər heç bu qədər qol imkanı yaratmamışdıq. Futbolçularıma etirazım yox idi. Üç xala çox yaxın idik. Real qol vəziyyətlərimiz daha çox idi. Qazanılan bir xal da bizim üçün qızıla bərabərdir. Hər xal bizi uğura aparır. Premyer Liqada qalmaq üçün komandaya inamım daha da artıb. Futbolçuların oyuna yanaşması məni razı salır. Bir az da artıracağıq və istədiyimiz nəticəni qazana biləcəyik.

– Bir xal qazandız, yoxsa iki xal itirdiz?
– Bu gün iki xal itirdik. Qələbə qazanmağa layiq idik. Göstərdiyimiz futbola görə, təsadüfə yox. Sürətli hücumlarımız oldu. Bu gün iki xal itirdik.

– Qələbə üçün nə çatmadı?
– Futbolçuların ustalıq səviyyəsi.

– “Səbail”in bu vəziyyətdə olmasının səbəbkarı sizsiz, ya Mahmud Qurbanov?
– Məsuliyyəti daşıyan baş məşqçi mənəm.

– Bugünkü oyunda az şans qazanan oyunçuları oynatsaydız, daha yaxşı olacağını düşünmürsüz?
– Azərbaycanda hər komanda sıx qrafikdə oynamağa çətinlik çəkir. Kubokda səfərdə uğurlu nəticə ilə qayıtmaq istəyirdik. Elə nəticə olmalıydı ki, şanslarımızı Bakıya saxlayaq. Bu səbəbdən bir neçə oyunçunu orada oynatmamışdıq. Hücumameyilli oyunçuların əksəriyyəti yox idi. Komandanın içində atmosfer yüksək səviyyədədir. Hər kəs məsuliyyətini dərk edir. Görün, hardan hara gəlmişik. Vaxt lazımdır. 27 futbolçumuz var və hər biri eyni məşqləri edir. Bu gün də komanda göstərir ki, futbol oynamağı bacarır. Nə olur olsun, komandamın oyunundan razı qaldım. Qol vəziyyətləri yaratdıq, pressinq edə bildik.

– Hakimlikdən razısız?
– Hər birimiz insanıq, səhv edə bilərik. Futbolda emosiyalar ola bilir. Oyunun başlanğıcında iki qayda pozuntusunu hakim görmədi. Dayanılası oyun deyildi. İdarəçilik yüksək səviyyədə idi. Belə matçları idarə etmək böyük məsuliyyətdir. Hakimlərdən narazılığımız yoxdur.

– Mirabdulla Abbasovu daha erkən oyuna buraxa bilməzdiz?
– Əməliyyatdan yeni çıxıb və hələ tam hazır deyil. Onun durumunu məşqdə mən, oyunda siz görürsüz. Ağabala Ramazanovla Mirabdullanın mövqeyi eynidir. Ağabala cinahda vinger kimi oynayır, Mirabdulla isə sırf hücumçudur.

Bənzər xəbərlər