featured-image-26650

Dünən gecə aşağı yaş qrupları üzrə milli komandalarımızla bağlı bir-iki nəticəni dəqiqləşdirmək istərkən, qarşıma maraqlı protokol çıxdı. 2018-ci il noyabrın 17-də Vüqar Məmmədin rəhbərlik etdiyi Azərbaycanın U-19 yığması gürcüstanlı həmyaşıdlarını Avropa çempionatının seçmə mərhələsində 2:1 hesabı ilə məğlub edib. İlk baxışdan adi oyun və sıradan qələbə. Lakin heyətlərə diqqət yetirəndə fikir məni götürdü.

Deməli, komandamız həmin vaxt ilk görüşdə İsrailə 1:4 hesabı ilə uduzsa da, Lixtenşteyn (3:0) və Gürcüstanı məğlub edərək elit-raunda vəsiqə qazana bilmişdi. Ən maraqlısı isə heyətlərdir.

İtaliya A seriyasında 3 dəfə ayın ən yaxşı oyunçusu seçilməklə rekorda imza atan Xviça Kvaratsxeliya həmin matçda 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməmişdi. Onda heç kimin ağlına gəlməzdi ki, 5 ildən sonra Badri Kvaratsxeliyanın oğlunun dəyəri milyonlarla ölçüləcək, Avropanın bütün top-klubları onu öz heyətlərində görməyi arzulayacaqlar. Onda Xviça Azərbaycanda ən yaxşı halda “Kəpəz” və “Şəmkir”də oynamış Badrinin oğlu kimi tanınırdı.

media-GUR-2

Bu fotoda indi “Turan Tovuz”da çıxış edən Şakir Seyidov deyəsən, gələcəyin ulduzunun fintlərini izləyir, ağlına da gəlmir ki, 5 ildən sonra o, Gürcüstana yaxın yerdə – Tovuzda, Xviça isə Avropada oynayacaq.

media-GUR-1

Digər fotoda isə Kvaratsxeliya komanda yoldaşı Tamaz Babunadze ilə Şakirin mübarizəsini izləyir, arxa planda hazırda “Şamaxı”nın formasını geyinən Rauf Hüseynli “döyüşə” hazır vəziyyətdə gözləyir.

Gürcülər həmin matçda Levan Xarabadzenin 45+1-ci dəqiqədəki qolu ilə hesabda önə keçsələr də, millimiz əzmkar qələbə qazanmışdı. Xarabadze hazırda Kiprin “Pafos” klubunun şərəfini qoruyur. 66-cı dəqiqədə Toral Bayramov, 70-də isə Zahid Mərdanovun qolları sayəsində komandamız matçdan qalibiyyətlə ayrılmışdı.

Hazırda “Valensiya”nın əsas qapıçısı olan Georgi Mamardaşvili onda Gürcüstanın U-19-da ehtiyatda qalırdı.

Maraq üçün komandamızın heyətinə diqqət yetirdim, nəinki ölkə xaricində, hətta Azərbaycanda iddialı klublarda çıxış edənlər belə azdır. Yalnız “Qarabağ”ın oyunçuları Elvin Cəfərquliyevlə Toral Bayramovu istisna etmək olar.

Gürcüstan millisində isə Kvaratsxeliya, Mamaradaşvili, Xarabadzedən başqa, Zuriko Davitaşvili indi “Bordo”da “qan edir”. Beka Dartsmelia Avstraliyaya gedib çıxıb və orda “Nyukasl Jets” komandasının uğurları üçün çalışır. Georgi Quliaşvili və Georgi İvaniadze Bosniya Herseqovinada – müvafiq olaraq “Sarayevo” və “Tuzla Siti” komandalarında çıxış edirlər. Həmin matçda ehtiyatda qalmış Şota Şekiladze isə Qazaxıstanda “Jenis”də legioner həyatı yaşayır.

İndi isə gələk Azərbaycanın U-19 komandasına:

Nicat Mehbalıyev (“Sabah”da ehtiyatda qalır), Elnur İbrahimov (I divizionda “Zaqatala”da çıxış edir), Rauf Hüseynli (“Şamaxı”), Turan Vəlizadə (“Turan Tovuz”), Şakir Seyidov (“Turan Tovuz”), Kamran Quliyev (Şamaxı), Zahid Mərdanov (“Şamaxı”), Vüsal Məsimov (“Turan Tovuz-2”), Samir Qurbanov (klubsuz), Emil Qasımov (“Şamaxı”), Toral Bayramov (“Qarabağ”).

Sonradan meydana daxil olanlar: İdris İnqilablı (“Kəpəz”), Elvin Cəfərquliyev (“Qarabağ”), Murad Mahmudov (“Zeilsheym, Almaniya, 6-cı liqa), Rüstəm Nuriyev (“Mingəçevir”, I divizion).

media-IMG_8076

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər