featured-image-34504

“İlk matçdakı qələbə hələ heç nə demək deyil. Bir səhv hər şeyi məhv edə bilər. Kifayət qədər diqqətli oynamalıyıq”.

Msport.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Latviyanın RFŞ komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib: “RFŞ güclü komandadır. Təkcə bu il yaxşı oynamırlar. Ötən mövsüm qruplarda çıxış ediblər. Mənə görə, Latviyanın ən güclü komandasıdır. Sabah klubumuzun tarixində əlamətdar gündür. Evdə ilk avrokubok matçına çıxacağıq. Bu uğura getmək üçün çox yol qət etdik. Bizi çətin oyun gözləyir”

O, III raunddakı potensial rəqibləri olan Serbiya “Partizan”ı barədə düşünmədiklərini söyləyib: “Zarafat edirsiniz? Nə “Partizan? İlk hədəfimiz RFŞ-i keçməkdir. Sonrakı məqsədlər haqqında düşünmürük. “Partizan”ı ümumiyyətlə fikirləşmirik. Bunu rəhbərliklə də müzakirə etməmişik. Sadəcə, rəqibin güclü tərəflərinin qarşısını alıb öz oyunumuzu göstərmək istəyirik. Əsas məqsədimiz ilk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmaqdır”.

Musayev RFŞ-in ən təhlükəli tərəfinin standart vəziyyətlər olduğunu vurğulayıb: “İlk matçda bütün təhlükəli epizodları standart vəziyyətlərdən yaratdılar. Sabah necə oynayacaqlarını bilmirəm. Açıq futbol göstərəcəklərsə, buyursunlar, mən bu cür oyunu sevirəm”.

Baş məşqçi Coy Lens Mikelslə Emmanuel Apehin durumuna da toxunub: “Mikelsin kiçik zədəsi var idi. Amma bərpa prosesi üçün 1 həftə vaxtı oldu. Apehlə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq. İlk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər