featured-image-28550

“Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevin Msport.az saytına müsahibəsi

– Komandanız Premyer Liqada 8 oyundur qələbə qazana bilmir. Son turda “Sabah”a uduzdunuz. Sanki “Turan Tovuz” tamamilə kuboka köklənib və çempionat ikinci plana düşüb…
– Xeyr, belə bir şey yoxdur. Çünki I Diviziona düşmək təhlükəsi hələ sovuşmayıb. Qarşıda 5 tur var, hər bir matç bizim üçün önəmlidir. Güclü rəqiblərlə qarşılaşacağıq, xal itirmək ehtimalımız yüksəkdir. “Sabah”la görüşdə əsas heyətlə oynamadıq. Yəqin, buna görə belə fikir formalaşıb ki, futbolçuları kubok oyununa saxladıq. Əslində belə deyil. Sadəcə, zədəli və cəzalı oyunçularımız var idi. Ona görə də Ayxan Abbasov risk etmədi.

– Qarşıda “Neftçi” ilə ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu var. Demək olarmı ki, “Turan Tovuz” bu mövsümdəki ən vacib oyunlarından birinə çıxacaq?
– Açığı, kuboku qazanıb, Premyer Liqanı tərk edəcəyiksə, bu titul bizə lazım deyil. Sadəcə, bu gün əlimizə belə bir fürsət düşübsə, bundan maksimum yararlanmağa çalışacağıq. Amma finala çıxa bilməsək belə, bizim üçün uğursuzluq olmayacaq. Yarımfinaladək gəlmək də bizim üçün uğurdur. İrəliyə doğru addım atdıqca, daha artığını fikirləşirsən. Finalın bir addımlığındayıq. Mərhələni keçə bilsək, lap gözəl. Bu gün üçün bütün fikrimizi bu görüşə yönəltmişik. Alınar, demək ki, qədərimizdə var imiş. Olmaz, demək ki, qismət deyilmiş. Fürsətdən istifadə edib azarkeşlərimizə səslənmək istərdim ki, bu vacib oyunda komandamızı tək buraxmasınlar. Bakıda yaşayan tovuzlulardan, eləcə də rayondakı tərəfdarlarımızdan dəstək gözləyirik. Biz də azarkeşlərin stadiona gəlməsi, arenaya daxil olması üçün klub olaraq əlimizdən gələni edəcəyik. Gəlin, sonadək “Turan Tovuz”a azarkeşlik edin.

– Aydın məsələdir ki, “Neftçi” də cavab oyununa olduqca ciddi hazırlaşır. Çünki Azərbaycanın ən köklü klublarından biri mövsümü titulsuz başa vurmaq istəmir. Bu amil işinizi daha da çətinləşdirə bilərmi?
– “Neftçi”nin adı var. Rəqibin heyətini, büdcəsini bizimki ilə müqayisə etmək olmaz. Fərq müqayisə olunmaz dərəcədədir. Onlar da finalın bir addımlığındadır. Üstünlükləri çoxdur. Biz süni meydançada oynamağa daha çox öyrəşmişik. Amma cavab oyununu təbii örtüklü meydançada keçirəcəyik ki, bu, rəqib üçün üstünlük ola bilər. Amma o demək deyil ki, biz də əlimizi yanımıza salıb dayanacağıq. Bacardığımızdan artığını etməyə çalışacağıq ki, istəyimizə nail olaq. Əsas meydandakı mübarizlikdir.
– Sizcə, hakim idarəçiliyi bu oyunun nəticəsinə hansısa formada təsir göstərə bilərmi?
– Əslində bununla bağlı narahatlığımız var. Amma neqativ bir şey olacağını fikirləşmirik. Etiraf etmək lazımdır ki, artıq əvvəlki dövr deyil. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəli deyil ki, hakimə fiziki təzyiq göstərəsən. İnanmıram ki, hakimlər özləri də buna imkan versinlər. Bu gün VAR sistemi var.Səhv qərar olanda video-təkrara baxırlar.
– Elə isə narahatlıq nə ilə bağlıdır?
– Bilirsiniz, VAR sistemi olsa da, bəzən mübahisəli qərarlar verilir. Məsələn, hərdən elə epizod olur, öz-özümə deyirəm ki, bizdə VAR sistemi işləyir, axı. Bəzən bir epizod bizdə görünür, rəqibdə yox. Belə narahatlıqlarımız var. Amma inanmıram ki, kimsə qəsdən nəsə eləsin. Hər halda istəməzdik ki, hansısa komandanın bu barədə narahatlığı olsun. Bundan əvvəl bəzi hallar olub, amma ictimailəşdirməmişik. Danışalası çox şey var, sadəcə, belə məsələlərlə gündəmə gəlmək istəmirik. “Turan Tovuz” 9 ildən sonra Premyer Liqaya qalxıb. Daha yaxşı işlərlə gündəmdə olmaq istəyirik. Bizə o qədər cərimələr yazılır, əleyhimizə o qədər qərarlar verilir ki. Halbuki rəqib komandanın məşqçisi, futbolçusu bizimkinin bir neçə qatını edir, amma ona cəza verilmir. Hərdən oturub müzakirə edirik ki, niyə bizə qarşı belə qərar qəbul olunur? “Turan Tovuz” həm tarixi, həm oyunu, həm də azarkeşləri ilə çempionata rəng qatan komandadır. Odur ki, bəzi məsələlərdə tək hakimlər yox, klublar, müəyyən şəxslər də diqqətli olmalıdırlar. Qərar verəndə ədalətli davransınlar.

– “Neftçi” ilə ilk oyundan sonra rəqib klubun prezidenti Kamran Quliyev cəzalandırıldı. Düzdür, bununla bağlı klubdan açıqlama verilib. İstərdik, sizin dilinizdən də eşidək…
– Bu barədə bir söz deyə bilməyəcəyəm. Hər şey protokolda qeyd olunub. Nəsə olub ki, cəza veriblər. Bu gün bazamızda, tribunlarımızda, məşq meydançalarımızda kameralar var. Biz nəyisə gizlədə bilərik. Amma orada bizi təəccübləndirən çox şeylər olub. 90-cı illərdə belə şeylər bizə təəccüblü gəlmirdi, normal qarşılayırdıq. Amma bu gün elə şeylər görürük ki, həm təəccüblənir, həm də təəssüflənirik. Uzun illər Premyer Liqada olmamışıq. Divizionda çıxış edərkən belə şeylərin şahidi olmuşuq. İndi bunları yüksək dəstədə görəndə həqiqətən təəccüblənirik. Yəni, indi də belə şeylər olur?

CAHİD 

Bənzər xəbərlər