featured-image-33347

“Neftçi” uğursuz transferlərdən yavaş-yavaş qurtulmağa çalışır. Vato Arveladzenin ardınca, “ağ-qaralar” Voislav Stankoviç və Solomon Kverkveliyanı da yola saldı. Gürcü müdafiəçi ötən mövsümün ən zəid bəndlərindən idi. Dəfələrlə onun kobud səhvlərindən sonra paytaxt klubu xal və ya xallar itirməli olmuşdu. Düzü, düşünmürəm ki, bu iki futbolçu ilə bağlı qərarı yeni baş məşqçi Adrian Mutu verib. Rumıniyalı mütəxəssis hələ yeni təyin olunub və onun oturub “Neftçi”ni analiz edib əsas “müqəssirlər”i belə tezliklə tapması inandırıcı deyil.

Həm də bir məsələ var ki, Stankoviçin göndəriləcəyi ilə bağlı xeyli vaxt idi ki, söz-söhbət gəzirdi. Kverkveliyanın da ötən mövsümdəki bərbad oyunu hamının yadında idi. Təbii ki, bu iki futbolçunun yola salınmasına rəhbərlik qərar verib. Amma hansı rəhbərlik? Bilirik ki, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Zaur Əzizov hazırda oyundankənar vəziyyətdədirlər. Mutu ilə Müşahidə Şurasının sədri Rövşən Nəcəfin görüşü “Neftçi”dəki real durumu çılpaqlığı ilə ortaya çıxardı. Kuluarlarda gəzən söhbətlərə görə, “ağ-qaralar” böyük dəyişikliklər astanasındadır və komanda Rusiyadan qayıtdıqdan sonra Kamran Quliyev və digər rəhbər şəxslər göndəriləcək.

Mutu isə nəhayət ki, viza məsələsini həll edib Sankt-Peterburqa yollana bildi. 44 yaşlı mütəxəssis CBC Sport-a müsahibəsində gələcək planlarına aydınlıq gətirib.

Məlum oldu ki, rumıniyalı mütəxəssisə 5 köməkçi yardım edəcək və onlardan heç biri yerli olmayacaq. O, köməkçilərinin hamısı ilə bərabər İtaliyada və ya milli komandada futbol oynadığını deyib.

Mutunun açıqlamaları içərisində bir cümlə diqqətimi cəlb etdi: “Ötən illə müqayisədə komandanı daha yaxşı nöqtəyə çatdırmağa çalışacağıq”. Yəni 3-cü yer yox, 2-ci sıra? Bəs çempionluq mübarizəsi? Bəs avrokuboklarda qrupa düşmək hədəfləri? Məgər Mutu bu cür məqsədlər üçün Bakıya dəvət olunmayıb? Amma sonradan sanki səhvini anlayan məşqçi “Neftçi”ni yenidən zirvəyə daşıyacağımıza əminəm” deyir.

Hələlik paytaxt klubunda qeyri-müəyyənlik davam edir. Kimlər qalacaq, kimlər gedəcək, bu suallara aydınlıq gəlməyib. Böyük ehtimalla, Rusiya səfərindən sonra biz “ağ-qaralar”ın düşərgəsində ciddi dəyişiklərin, islahatların şahidi olacağıq. Amma Regekampfı göndərib, Mutunu gətirməklə böyük uğur qazanmaq olacaq? Bu daha çox keçəl Həsən və  ya Həsən keçəl məsələsinə oxşamır?

AYXAN 

Bənzər xəbərlər