"Neftçi" Toqo millisinin üzvünə təklif göndərdi
“Neftçi” “Universitatya Krayova” klubunun futbolçusu Samuel Asamoanı transfer etmək istəyir.
Msport.az “prosport.ro” saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu klub rəhbərliyindən toqolu yarımmüdafiəçinin alınmasını xahiş edib.
Bakı təmsilçisinin artıq 29 yaşlı oyunçü üçün qarşı tərəfə təklif göndərdiyi bildirilib. Krayova təmsilçisi təcrübəli futbolçuya 500 min avro qiymət qoyub.
“Universitatya Krayova”nın baş məşqçisi Nikolae Dike də “Neftçi”dən təklif aldıqlarını təsdiqləyib. O bildirib ki, klublar arasında razılıq əldə olunsa, Asamoanın keçidi qısa zamanda reallaşacaq.
Afrikalı yarımmüdafiəçi komandasının “Sepsi”yə 0:1 hesabı ilə uduzduğu son çempionat oyununda iştirak etməyib. Onun qarın nahiyyyəsindəki ağrılara görə meydana çıxmadığını iddia olunur.
Qeyd edək ki, Samuel Asamo “Universitatya Krayova”dan əvvəl Belçikanın “Yupen”, “Aud-Heverle Löven” və “Sint-Tröyden” komandalarının formasını geyinib. Futbolçu Toqo millisində 7 oyun keçirib.







