featured-image-28475

Azərbaycan Premyer Liqasının XXXI turunun “Səbail” – “Neftçi” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyunçuları bu görüşə hazırlamaq çətin idi. Hər top uğrunda mübarizə apardıq. Rəqib yaxşı oyun göstərdi, ilk hissədə bir qol da vurdular. Fasilədən sonra elə də yaxşı hücumlarımız olmadı. İndi diqqətimiz kubok matçındadır. İnanıram ki, azarkeşlərimiz bizim yanımızda olacaq.

– Xüsusilə, fasilədən sonra rəqib daha çox hücum etdi. Bu, nə ilə bağlı idi?
– Üç gün əvvəl bütün heyətlə Tovuzda idik. Ümumilikdə 12 saata yaxın avtobusla yol gedib gəldik. Çalışdıq oyunçularımızı bərpa edək. “Turan Tovuz”la səfər görüşündə oynamayan oyunçular da yorulmuşdu. Ardıcıl süni örtüklü meydançada oynamağa öyrəşməmişik. Bizim üçün çətindir. Buna görə bəzən səhvlər edirik. Höccət və Mərtin oyunundan razı qaldım.

– Son məğlubiyyətin komandaya psixoloji təsiri var idimi?
– Hər məğlubiyyət asan həzm olunmur. Bunun komandaya təsiri olur. Məğlubiyyətdən sonra sevinə bilmərik.

– Aqil Məmmədova qalan oyunlarda da şans verməyi düşünürsüz?
– Bütün diqqətimiz kubok oyunundadır. Hazırda qapıçı haqda suallar vermək məqsədəuyğun deyil. Hər iki qapıçımız hazırdır.

– Bir mütəxəssis kimi, “Neftçi”nin sərgilədiyi oyun sizi qane edir?
– Növbəti oyunda finala adlayacağımıza ümid edirəm. Əlbəttə, oyunçularımdan daha yaxşısını gözləyirəm. Çempionatın sonuna yaxın təhlillər edəcəyik və hər şey haqda danışa bilərik.

– Azərbaycanda kubok qazanmaq kimi bir ambisiyanız var?
– Əlbəttə, ambisiyalarım var. Futbolçularımla da danışmışam, bu mövsüm kubok qazanmalıyıq. (Futbolpress)

Bənzər xəbərlər