Polşalı jurnalist "Msport.az"a danışdı: "Qarabağ" ötən illə müqayisədə zəifləyib"
“Hamımız maraqlı oyun gözləyirik. Ümid edirəm ki, ilk dəfə hansısa Polşa komandası “Qarabağ”ı məğlub edərək mərhələ adlayacaq”.
Bunu Msport.az saytına açıqlamasında polşalı jurnalist Yaroslav Tomjik Bakıda “Qarabağ” və “Rakuv” arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
O, həmyerlilərinin III raunda keçmək üçün yaxşı şanslarının olduğunu bildirib: “Çünki Ağdam klubu ötən illə müqayisədə sanki bir az zəifləyib.Onların “Lex”ə qarşı oyunlarını izləmişdim. Həmin vaxt çox güclü idilər. Mən demirəm ki, “Qarabağ” zəifdir. Sadəcə, ötən illə müqayisədə zəif təsir bağışlayırlar. Yayda əsas hücumçular komandanı tərk etdilər. Görünən odur ki, əvvəlkitək kompakt oynaya bilmirlər”.
Jurnalist şansların bərabər olduğunu vurğulayıb: “Görək, necə olacaq. Azərbaycan çempionuna azarkeşlər və hava şəraiti kömək edəcək. Tez qol vursalar, işləri asanlaşacaq. Amma ilk qolu “Rakuv” vursa, bizim şansımız daha çox olacaq”.
Qurban Qurbanovun çox yaxşı mütəxəssis olduğunu söyləyən Tomjik Polşada hər kəsin 51 yaşlı çalışdırıcıya hörmət etdiyini bildirib: “Lakin komandanı ötənilki səviyyəyə çatdırmaq üçün ona vaxt lazımdır”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. İlk oyunda Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub.







