Premyer Liqanı kim tərk edəcək? - Bir tərəfdə illərin təcrübəsi Diniyev, digər tərəfdə gənc məşqçilər dueti
Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşdıqca turnir cədvəlinin alt sıralarında mübarizə daha da qızışır. Bu il sonuncu yeri tutan komanda elitanı tərk edəcəyindən son tura qədər maraqlı rəqabətin şahidi olacağıq. Hazırda 10-cu yeri tutmağa əsas namizədlər “Səbail” və “Şamaxı”dır. Lakin “Kəpəz”lə “Sumqayıt” da işlərini tam həll etməyiblər. Düzdür, bu iki komanda son turda qələbə qazandıqlarından turnir cədvəlində vəziyyətlərini bir xeyli yaxşılaşdırdılar.
Qışda “Səbail”in baş məşqçi postunda Mahmud Qurbanovu əvəzləyən Şahin Diniyev hələ ki komandanı sonuncu yerdən çıxara bilmir. 56 yaşlı mütəxəssis “dənizçilər”in sükanı arxasına keçdikdən sonra 10 oyunda 8 xal qazanıb. Qeyd edək ki, Qurbanov 18 matçda 10 xal toplaya bilmişdi. Diniyevin nəticəsi faiz nisbətində əvvəlki məşqçidən daha yaxşı olsa da, “Səbail”i 10-cu yerdən uzaqlaşdırmağa kifayət etməyib. Şahin bəy 8 xaldan dördünü ilk “beşlik”də olan klublarla görüşdə əldə edib. Amma problem odur ki, onun dönəmində “Səbail” “Şamaxı”, “Kəpəz” və “Sumqayıt” kimi əsas rəqiblərinə uduzub. Düzdür, Gəncə klubu üzərində Bayılda bir qələbə (1:0) var, amma son turda komanda “Kəpəz” səfərindən xalsız döndü.
“Şamaxı”ya gəlincə, onlar son 3 oyundan məğlub ayrılıblar. İnsafən qeyd etmək lazımdır ki, Cavid Hüseynovla Vüqar Əsgərlinin komandası son 3 turda yuxarı pillələrdə olan rəqiblərlə qarşılaşıblar.
Heyətin genişliyi və legionerlərin ustalıq səviyyəsi baxımından “Səbail” nəinki Şamaxı”nı, “Kəpəz” və “Sumqayıt”ı da üstələyir. Amma “Şamaxı” öz meydanında yaxşı təsir bağışlayır. Təsadüfi deyil ki, əyalət klubu 20 xaldan 13-nü doğma divarlar arasında qazanıb.
Turnir cədvəlində son 4 pilləni tutan klubların təqviminə baxıb kimin sonuncu ola biləcəyini proqnozlaşdırmaq istədik. Bizim hesablamamıza görə, “Kəpəz” və “Sumqayıt” güclülər dəstəsində yerini qoruyacaq.
Qalır “Şamaxı” və “Səbail”. Maraqlıdır ki, son turda bu komandalar Bayılda üz-üzə gələcəklər. Bəlkə də Premyer Liqada qalmaq baxımından həmin oyun həlledici olacaq. “Səbail” ola bilər ki, mövsümün sonunda “Şamaxı”nı 1 və ya 2 xal qabaqlasın. Bu bizim proqnoz və hesablamadır. Amma hər şey meydanda həll olunacaq.
“KƏPƏZ” – 25 XAL
29-cu tur – “Qarabağ” (səfər)
30-cu tur – “Turan Tovuz” (ev)
31-ci tur – “Şamaxı” (s)
32-ci tur – “Sumqayıt” (e)
33-cü tur – “Sabah” (e)
34-cü tur – “Zirə” (s)
35-ci tur – “Neftçi” (e)
36-cı tur – “Qəbələ” (s)
“SUMQAYIT” – 24 XAL
29-cu tur – “Neftçi” (e)
30-cu tur – “Şamaxı” (s)
31-ci tur – “Qəbələ” (e)
32-ci tur – “Kəpəz” (s)
33-cü tur – “Səbail” (e)
34-cü tur – “Sabah” (e)
35-ci tur – “Qarabağ” (s)
36-cı tur – “Zirə” (e)
“ŞAMAXI” – 20 XAL
29-cu tur – “Turan Tovuz” (s)
30-cu tur – “Sumqayıt” (e)
31-ci tur – “Kəpəz” (e)
32-ci tur – “Sabah” (s)
33-cü tur – “Zirə” (e)
34-cü tur – “Neftçi” (s)
35-ci tur – “Qəbələ” (e)
36-cı tur – “Səbail” (s)
“SƏBAİL” – 18 XAL
29-cu tur – “Sabah” (e)
30-cu tur – “Zirə” (s)
31-ci tur – “Neftçi” (e)
32-ci tur – “Qəbələ” (s)
33-cü tur – “Sumqayıt” (s)
34 -cü tur – “Qarabağ” (e)
35-ci tur – “Turan Tovuz” (s)
36-cı tur – “Şamaxı” (e)
AYXAN







