featured-image-26814

Millimizin Avro-2024-ün seçmə mərhələsinin ilk iki matçından sonra ən çox səslənən fikirlər “fiziki cəhətdən çatdırmırıq”, “60–65 dəqiqə oynaya bilirik”, “ustalıq səviyyəsi”, “rəqiblərin çıxış etdiyi liqalara baxın” oldu.

Amma dünən “Zirə”nin baş məşqçisi bütün bu iradlara yaxşı cavab verdi. Həqiqətən də milli ardıcıl 5 oyunda qələbə qazananda fiziki hazırlığın zəif olmasını qabardan yox idi. Hamı razı, şad-xürrəm yığmanın potensialından danışırdı. Necə oldu ki, Avstriya və İsveçdən 9 top buraxan kimi bu söhbətlər gündəmə gəldi?

Uzun illər millimizdə kapitan sarğısını daşımış Sadıqov “Neftçi” ilə oyundan (1:1) sonra fikirini açıq şəkildə ifadə elədi. Təəssüf ki, heç də bütün məşqçilər bu cür danışmır, nədənsə ehtiyat edir, çəkinirlər. Sadıqovun sitatı hadisəyə real qiymətdir: “Qələbələr qazanılanda futbolçular fiziki cəhətdən çatdırırdı? Qələbə seriyası olanda heç kim açıqlama vermədi ki, futbolçular klublardan yaxşı vəziyyətdə gəlirlər”.

Uzun illər Azərbaycan futbolunun uğursuzluğundan danışan kimi “səfər sindromu”nu bəhanə edirdilər. Yaxşı ki, “Qarabağ” Avropada göstərdi ki, rəqib meydanında 30-50 min azarkeşin qarşısında da qələbə qazanmaq olar. İndi hansı dövrdür ki, futbolçu bir az səs-küy, atmosfer görən kimi ayaqları əssin.

Sitat: “Qurtardı bu söhbətlər. 96-97-ci illərdə edilən söhbətlər, atmacalar, bəhanələrdir. Buraxılan qolların fiziki durumla nə əlaqəsi var?”

Məncə də bu söhbətlər 1996-1997-ci illərdə qaldı. İndi durub “fiziki hazırlığımız yetərli deyil” bəhanələri gətirmək gülünc görünür. “Qarabağ” “Nant”a, “Olimpiakos”a, “Ferentsvaroş”a, “Sürix”ə temp verirsə, 90 dəqiqə ərzində onların hamısını fiziki baxımdan üstələyirsə, De Byazi və Arif Əsədov nədən danışır? Deyə bilərsiniz, ki, “Qarabağ” legionerlərin hesabına belə oynayır. Amma Qurban Qurbanov avrokubok matçlarına 6 yerli futbolçu ilə çıxırdı. Deməli, 6 nəfər “Qarabağ”ın oyunçusu, yanına Renat Dadaşov, Özan Can, bir-iki nəfər də “Neftçi” və “Sabah”dan əlavə edirsən, heyət düzəldi də. Sadəcə doğru taktika qurub, futbolçuların potensialından düzgün istifadə etmək lazımdır. Daha klubunda uzun müddət ehtiyatda qalan futbolçunu birdən-birə İsveç qarşısına atacaqsansa, 0:5 uduzmaq labüd olur.

Mənə maraqlıdır, digər yerli məşqçilər də Rəşad Sadıqovun cəsarətini özlərində tapıb məsələyə münasibət bildirəcəklərmi?

AYXAN 

 

Bənzər xəbərlər