featured-image-28382

“Neftçi” qışda heyətini iki legionerlə – Mateus Saldanya və Kilian Lebonla gücləndirdi. “JEF Yunayted Çiba” klubundan icarəyə götürülən Saldanya ilk vaxtlar özünü yaxşı tərəfdən göstərsə də, son oyunlarda heç nə ilə yadda qalmır. 23 yaşlı futbolçu 5 matçdır nə qol vurur, nə də məhsuldar ötürmə verə bilir. Ümumiyyətlə, braziliyalı forvard “Neftçi”də 11 oyunda 4 qol vurub. İş orasındadır ki, Saldanya yalnız turnir cədvəlində 5-ci pillədən aşağıda yer alan komandalarla oyunlarda fərqlənib.

O, “Sumqayıt”, “Səbail”, “Turan Tovuz” və “Şamaxı”nın qapısına yol tapa bilib. Bu komandalardan Tovuz təmsilçisini çıxmaq şərti ilə digərləri Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. “Ağ-qaralar”ın əsas hücumçusu “Qarabağ”, “Zirə”, “Qəbələ” kimi iddialı rəqiblərlə oyunda topu tora göndərə bilməyib. Qeyd edək ki, Saldanya “Neftçi”nin ən maaş alan oyunçularındandır.

Maraqlıdır ki, “Neftçi”nin yeni gələnləri ilk dönəmlərdə yaxşı təsir bağışlasalar da, sonradan geriləyirlər. Sanki Laurentsiu Regekampf futbolçuların performansını artırmaq əvəzinə, onları daha da geri salır. Əslində eyni sözü yayda heyətə cəlb olunan Kenni Sayef, Solomon Kverkveliya haqqında da demək olar. Sayef avrokuboklarda yaxşı formada olsa da, sonradan aşkar şəkildə gerilədi.

Saldanya ilə təxminən eyni vaxtda “Neftçi”yə gələn Kilian Lebonun da performansında eniş hiss olunur. Fransalı futbolçu 12 oyunda 3 qol vurub. Lebonun sırf hücumçu olmadığını nəzərə alsaq, bəlkə də bu göstərici pis deyil. Lakin “Astana”dan gəlmiş vinger “Qəbələ” ilə son çempionat matçını və “Turan Tovuz”la kubok qarşılaşmasını elə də yaxşı keçirmədi.

“Neftçi”nin sabiq forvardı Qodsvey Donyohun indi Kiprdəki performansına baxanda da görünür ki, qanalı hücumçunun Azərbaycan Premyer Liqasında oyununun alınmamasında onun bir günahı yox idi. Sadəcə Rege Donyohun potensialından tam yararlana bilmədi. Görünür, rumıniyalı mütəxəssis əvvəlki klublarında da hazır, ulduz futbolçularla işləməyə öyrəşib. Bu səbədən də Rekapfın dövründə İsmayıl Zülfüqarlı, Fərid Yusifli, Vüsal Əsgərov kimi gənclərin inkişaf edəcəyini, səviyyələrini artıracağını gözləməyə dəyməz.

AYXAN 

Bənzər xəbərlər