featured-image-16375

Azərbaycanlı azarkeşlər çox səbirsizdir. Buna son günlər baş verən hadislər zamanı bir daha əmin oldum. “Qarabağ” – “Frayburq” oyunundan sonra Ağdam klubunun bəzi fanatları Ramil Şeydayevi peşman elədilər.

O məşhur videoda bir nəfər dayanmadan “Ramil, formanı çıxart, formanı çıxart” deyib qışqırır. Əvvəl elə bildim, formanın ona hədiyyə edilməsini istəyir. Videoya bir az da baxdıqan sonra başa düşdüm ki, yox, bu nəsə Şeydayevə üsyan fason bir şeydir. Həmin Şeydayevə ki, 10 qolla Musa Qurbanlı ilə birgə çempionatın bombardiridir. Ümumiyyətlə, 26 yaşlı hücumçu bu il ən yaxşı mövsümünü keçirir. Avrokubok matçlarında da sona qədər döyüşür, mübarizə aparır, cinah boyu axıra kimi işləyir. İndi isə “Qarabağ” azarkeşi onunla haqq-hesab çəkməyə çalışır. Halbuki “Omoniya”, “Viktoriya Plzen”, “Nant”la oyunda hoqqa çıxardan Şahruddin Məhəmmədəliyev nədənsə, həmin azarkeşlərin yadına düşmür. Yeri gəlmişkən, Şahruddin “Frayburq”la Bakıdakı görüşdə də yenə köhnə şakərini işə salmışdı və top az qala qapıdan keçəcəkdi, son anda vəziyyəti düzəldə bildi.

Bir ara gəncəli azarkeşlər də bu cür səbirsizlik göstərirdilər. “Kəpəz” Premyer Liqaya yeni qayıdıb, heyəti əksər klublardan geri qalır.  Birdən-birə belə komandadan ciddi uğur gözləməyə dəyməz. Başa düşürəm, “Kəpəz”in böyük tarixi var, vaxtı ilə ölkənin ən güclü klubu olub, çempionluqlar qazanıb. Lakin indi vəziyyət dəyişib və reallığı nəzərə almaq lazımdır. “Kəpəz” əgər “Qəbələ”dən səfərdə xal alırsa, “Səbail”i böyük hesabla məğlub edirsə, deməli, bu komandaya inanmaq və bir qədər vaxt lazımdır.

Dünən Tovuzda da xoşagəlməz hadisələr baş verib. Çempionatın sürpriz klublarından “Turan Tovuz” öz meydanında “Şamaxı”ya məğlub olub. Oyunun favoriti tovuzlular idi, hər kəs onlardan qələbə gözləyirdi.  Amma nəzərə almaq lazımdır ki, bu komandanın cari mövsümdə ilk ciddi xal itkisidir. Təbii ki, mən “Qarabağ”, Sabah”, “Zirə” kimi büdcəsi “Turan”dan qat-qat çox olan rəqiblərə məğlubiyyəti nəzərə almıram. Təəssüf ki, “Şamaxı” ilə görüşdən sonra Tovuz klubunun bəzi futbolçuları ilə azarkeşlər arasında mübahisə yaranıb. Hətta mətbuat konfransında Ayxan Abbasov da əsəbi danışdı.

Vallah, axşam saat 6-dan sonra həyat ölən, adi mall, istirahət mərkəzi, McDonalds belə tapılmayan rayonda belə komandaya görə əslində sevinmək lazımdır. Londondonda böyümüş Oduva, “Rostov”, “Hapoel Tel Əviv”də çıxış etmiş Xulu Siyanda oyundan sonra rayonda necə başını qatsın? Nə qədər bazada stolüstü tennis, bilyard oynamaq olar? (Əgər o da varsa).  Nə qədər çay içmək olar? O vaxt “Sivasspor”dan “Qəbələ”yə gəlmiş Yannik Kamanan demişdi ki, Sivasda heç olmasa McDonalds var, boş vaxtında uşağını apara bilirsən. Qəbələdə o da yoxdur. Halbuki Qəbələ bizim gözümüzdə ən yaxşı turizm mərkəzlərindən biridir.

Ayxan Abbasov qısa vaxt ərzində Tovuzda çox yaxşı komanda formalaşdırıb. Və onu da bilirəm ki, adam bu kluba keçəndən evinin yolunu unudub, yaydan oturub Tovuzda, komandanı qurur, bəzən həftələrlə heç rayondan çıxmır. Bilməyənlər üçün deyim ki, Abbasovun evi, ailəsi Bakıdadır.

3-4 ayın içində “Turan Tovuz”, “Kəpəz” kimi komandalardan böyük uğur gözləməyə dəyməz. Dünəndən klubdakı legionerləri qabardırlar. Axı “Turan”ın legioneri 3-4 minə oynayır.  Zakpa, Kizito kimi aylıq 10 min dollar maaş almır axı. Həmin “Səbail”i isə “Turan” 5 xal qabqlayır. Görəsən, Tovuz klubunun “Səbail” kimi büdcəsi və “Səbail” kimi nəticəsi olsaydı, azarkeşlər nə edərdi?

ELNUR MƏMMƏDLİ 

 

Bənzər xəbərlər