"Sabah bizi ciddi müdafiə olunan rəqib gözləyir" - Qurban Qurbanov
“İlk görüşdə 2-1 hesabı ilə qalib gəldik. Heç də asan olmadı”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Cəbəllütariq “Linkoln”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis hələ də optimal formada olmadıqlarını bildirib: “Amma ümumən hazırlığımız pis getmir. Sabah bizi ciddi müdafiə olunan rəqib gözləyir. Bəzi elementlər var, onları həyata keçirib, uğurlu nəticə əldə etməyə çalışacağıq”.
Çalışdırıcının sözlərinə görə, Yeni transferlər Patrik Andrade və Juninyo tam formada deyillər: “Andrade bizi qane edəcək səviyyədə deyil. Juninyonun ən azı sonradan meydana çıxması ilə bağlı sabah qərar verəcəyik. Bugünkü idman formasından razı deyiləm”.
O, matçın Bakı Olimpiya Stadionunda keçirilməsinə də toxunub: -“Biz bakıdayıq. Bakı bizimdir, doğmadır. Düzdür, “Tofiq Bəhramov” bizim üçün doğmadır. Amma son vaxtlar burada da oynamışıq. Düzdür, azarkeşlərə ora rahat ola bilər. Amma bura da genişdir, böyükdür. İnanıram ki, sabah azarkeşlərimiz gələcəklər. Və onlar bizi tək qoymayacaqlar”.
Qurbanov deyib ki, heyətlə bağlı ciddi dəyişiklik gözlənilmir: “Futbolçulardan çox razıyam. Hansı mövqeyə qoysaq, çalışırlar əllərindən gələni etsinlər. Hamısı çox istəklidir. Olsa, 1-2 əlavə futbolçu götürə bilərik. Olmasa da, əlimizdə olanlar bizi qane edir. Onlarla da kifayətlənə bilərik”.
Mütəxəssis BOS-da keçirdikləri avrokubok oyunlarında qələbənin olmamasına da toxunub: “Belə fikirlərə çox da diqqət ayırmaq istəmirik. İnşallah, bu stadionda da uğurlu nəticələr olacaq”.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq. İlk matçda “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.







