Yada düşər fotolar: Elmar Baxşıyev "İnter" formasında Sumqayıtın köhnə stadionunda
8 avqust 2004-cü il. Sumqayıtın Mehdi Hüseynzadə adına stadionu. Onda hələ “gənclər şəhəri”ni təmsil edən komanda ev oyunlarını bu arenada keçirirdi. Yerli “Gənclərbirliyi” çempionatın açılış matçında “İnter”i qəbul edirdi. Kapitanlar Ruslan Poladovla Elmar Baxşıyev Azərbaycan Respublikasının dövlət bayrağını qaldırırlar. İndi “Qəbələ”ni çalışdıran Baxşıyev 2004-cü ildə “Xəzər Universiteti”ndən sonra “İnter”də çıxış edirdi. Həmin mövsüm paytaxt klubunda tanınmış ukraynalı mütəxəssis Anatoli Konkov çalışırdı. Heyətdə isə Makovski qardaşları, millimizin sabiq müdafiəçisi Vladimir Levin, Kiyev “Dinamos”sunda oynamış Laki İdahor kimi futbolçular var idi. Lakin “İnter” mövsümü yalnız 7-ci yerdə başa vura bildi.
Sumqayıt komandasında həmin mövsüm İssa Nikiemanın qan eliyən vaxtları idi. Burkina Fasodan olan hücumçu 31 oyunda 16 qol vurmuşdu. “Gənclərbirliyi” çempionatın sonuna kimi 3 məşqçi dəyişdi – Mehmet Tayfun Türkmən (Türkiyə), Mahir Əliyev və Adel Amruş (Əlcəzair). Yeri gəlmişkən, Amruş indi Tanzaniya millisini çalışdırır.
“Gənclərbirliyi” – “İnter” matçında qalib müəyyənləşmir. 18 komandanın mübarizə apardığı 2004-2005-ci illər mövsümündə “Gənclərbirliyi” 11-ci yeri tutur. Çempionatın qalibi isə Gəncədə keçirilən “qızıl oyun”da müəyyənləşir. “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub edən “Neftçi” çempion olur.
ELNUR MƏMMƏDLİ







