Yakuba Bamba "Turan Tovuz"a ianə etdi
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq futbolçusu Yakuba Bamba Futbolun İnkişaf Fondunun (FİF) “Turan Tovuz”la bağlı başlatdığı “Turan 100K” layihəsi üçün ianə edib.
Msport.az xəbər verir ki, Fil Dişi Sahilindən olan 46 yaşlı veteran futbolçu “Turan Tovuz”a avtobus alınması üçün 15 manat ödəyib. Klubun avtobusu üzərində onun da fotosu yer alacaq.
Bamba bu addımını 2005/2006 mövsümündə Azərbaycanda ilk qolunu “Turan”a vurması ilə əlaqələndirib.
Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq. Hazırda 7080 piksel qalıb.