Dövlətin ayırdığı 3 milyondan hamı faydalanır - Amma hər kəs fərqli formada
Bu mövsümdən etibarən AFFA SOCAR vasitəsi ilə Premyer Liqa klublarına 3 milyon manat yardım edir. Bu məbləğ bir dəfəyə yox, aylara bölünərək klubların hesabına köçürülür. Təbii ki bunun xeyiri daha çox “Kəpəz”, “Turan Tovuz kimi elitaya yenidən qayıdanlara və “Şamaxı” kimi məhdud büdcəyə malik olanlara dəyir.
AFFA pulu klublara elə-belə nəzir kimi vermir, onlar qarşısında müəyyən öhdəliklər qoyulub. Ötən ay “Kəpəz”də ödənişlər gecikərkən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirdi ki, ödənişin gecikməsi bəzi kriteriyaların pozulması ilə bağlıdır. 3 miıyon manat tək əsas komandaya görə ödənilmir. 2 milyon Premyer Liqada iştirak üçün, digər 1 milyon manat isə – uşaq futbolu, qadın futbolu və s. aiddir. Əgər klubda hansısa sahə yoxdursa, buna görə verilməli olan məbləğ kəsilir. Məsələn, “Qarabağ”da qadın futbolu olmadığından həmin sahənin inkişafı üçün nəzərdə tutulmuş məbləğ Ağdam klubunun hesabına köçürülmür.
Ən çox maraq doğuran məsələlərdən biri də “Qarabağ”, “Neftçi”, “Sabah” kimi maliyyə imkanları daha geniş olan komandaların 3 milyonu alıb-almamasıdır? “Neftçi”nin Media və Marketinq Departameninin rəhbəri Rüstəm Allahverdiyev onlara da AFFA vasitəsi ilə 3 milyon ödəniş olduğunu bildirdi.
“Qarabağ” da bu yardımdan bəhrələnənlər sırasındadır. Lakin Ağdam klubunda qadın futbolu olmadığından bu məbləğ tam şəkildə verilmir.
Əldə etdiyimiz məlumata görə, çempionatın digər iddialı komandası – “Sabah”a da SOCAR-AFFA vasitəsi ilə gələn puldan çatır.
AYXAN







