featured-image-4532

Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.

Kevin Kubemba Azərbaycanda çıxış etdiyi 3 il ərzində üst-üsə 10 qol vura bildi. Halbuki 192 sm boya malik olan hücumçu təkcə başla yaxşı oynaması ilə seçilmirdi,  təkbətək mübarizələrdə də effektli idi. Müdafiəçilər onun qarşısı kəsmək üçün xeyli əziyyət çəkməli olurdular.

Konqo Demokratik Respublikasından olan futbolçu ölkəmizə 2018-ci ildə Fransanın “Bur-an-Bress” klubundan gəlmişdi. Əlbəttə, sizin kimi mənə də bu komandanın adı heç nə demir. Amma buna qədər artıq Kubemba yetərincə normal sayılacaq klublarda forma geyinmişdi. “Amyen”in yetirməsi olan hücumçu 2014-2015-ci illər mövsümündə “Lill”in heyətində Liqa-1-də 8 oyunda meydana çıxmışdı. Bir müddət “Brest”də aşağı liqada çıxış edən Kubemba 2016-da Fransadan kənara – Belçikaya çıxır. “Sent Trüden”də cəmi 9 oyun keçirən forvard 1 qol vurur. Bundan sonra isə onun karyerasında Bolqarıstan mərhələsi başlayır. Ölkənin ən köklü klublarından olan ÇSKA-da iki mövsüm keçirən futbolçu ümumilikdə, 24 matçda 1 dəfə fərqlənə bilir. Bolqarıstan karyerası istənilən kimi alınmayan Kubemba yenidən vətəninə – “Bur-an-Bress”ə dönməli olur.

2018-ci ilin yay transfer dövründə hücumçu artıq “Səbail”ə müqavilə bağlayır. Zədələr olmasaydı, o, şübhəsiz ki, Azərbaycan Premyer Liqasında parlaq iz qoya biləcəkdi. Kubemba “Səbail”də 28 matçda 5 qol vurur və digər klublarımızın da diqqət mərkəzinə düşür.

“Sabah”dan daha cəlbedici təklif gəldiyindən o, 2019-un yayında digər paytaxt komandasına yollanır. Amma Türkiyədəki təlim-məşq toplanışında zədələnən hücumçu əməliyyat olunur və uzun müddət yaşıl meydanladan kənarda qalır. Kubemba 2019-2020-ci illər mövsümündə cəmi bir oyunda meydana çıxa bilir. Ağır zədədən sonra qayıdan Kubemba “Sabah”da 22 oyuna 5 qol vurur. Futbolçu heç cür əvvəlki formasını bərpa edə bilmədyindən “Sabah” 2021-in yayında onunla yollarını ayırır.

Bundan sonra güman etmək olardı ki, Kubemba yaxşı əməkhaqqı ala biləcəyi ölkələrdən birinə yollanacaq. Lakin bir müddət sonra forvard maliyyə imkanları elə də geniş olmayan Albaniya “Teuta”sı ilə müqavilə bağlayır. Yeni komandasında 13 matçda forma geyinən forvard 2 qol vurur və qışda Albaniyadan ayrılır. Kubemba indi ekzotik Malayziya çempionatında çıxış edir. “Kuala Lumpur Siti” klubu liqada 12 kollektiv  arasında 5-ci yeri tutur. Kubema yeni komandasında da fərqlənməyə imkan tapıb.

29 yaşlı futbolçunu artıq yayda başqa ölkədə görə bilərik. Konqo yğmasında 8 oyuna çıxan hücumçu yəqin ki, Azərbaycandan da təklif olsa, məmuniyyətlə qayıdar. Hər halda bizim klubların maliyyə imkanları Albaniya və Malayziya təmsilçilərindən daha yaxşı olar.

media-kevin

media-koubemba

media-kevin-2

 

Bənzər xəbərlər