featured-image-27144

AFFA İcraiyyə Komitəsinin üzvü, 82 ildir bu şəhərin havasını udan və hələ də Azərbaycan dilində danışa bilmədiyini deyən (hərçənd çox yaxşı  başa düşür və istəsə, əla danışar) Kazbek Tuayevin son illərdə ölkə futboluna hansı xeyri dəyib, bunu heç kim bilmir. Uzun illərdir  İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinə rəhbərlik etsə də, son dönəmdə ordan bir oyunçu belə çıxmayıb. Tuayevin işi-gücü ayda-ildə bir dəfə İcrakomun iclaslarına getmək və dəlicəsinə sevdiyi Rusiyanın çempionat oyunlarına baxmaqdır.

O, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunsa da, canından Rusiya sevgisi heç vaxt çıxmayıb. Dünən azerisport.com-a müsahibə verən veteran futbolçu indi də təklif edib ki, Rusiya ilə yoldaşlıq oyunu keçirək:

“Rusiya yığmasını Bakıda qəbul etmək olardı. Estoniya üzərində qələbə qazandıqdan sonra (oyun iyunun 17-də olacaq) ruslarla oynamaq olar. Onların yaxşı gənc komandaları var. Onlara öz gücümüzü göstərə bilərik. Əgər Rusiya Futbol İttifaqından belə təklif gəlsə, oynamaq olar. Niyə də yox”.

İnfi Avropanın özünə hörmət edən heç bir komandası Rusiya ilə qarşılaşmaq istəmir. Hətta bir çox klublar son anda Rusiya təmsilçiləri ilə yoxlama görüşlərindən imtina etmişdilər. Şimal qonşumuzda sanksiyalar səbəbində neçə vaxtdır müzakirələr gedir ki, Asiya Futbol Konfederasiyasına qoşulsunlar. Rusiyanın son vaxtlar yoxlama oyunları keçirdiyi komandalara baxanda… Qırğızıstan, Tacisikstan, Özbəkistan, İran və İraq.

“İdmanın siyasətə nə dəxli var” klişesini yenə gözə soxa bilərsiniz. Amma hamıya gül kimi aydındır ki, idman elə siyasətdir. İlin-günün bu vaxtında, sülhməramlıların Qarabağda hansı hoqqalardan çıxdığını uca səslə danışdığımız dövrdə niyə Rusiya ilə oynamalıyıq? Bütün dünyanın Rusiyadan üz döndərdiyi, Avropaya yaxın buraxılmayan ölkənin komandasını niyə Bakıda qəbul etməliyik?

Elə bilirsiniz, Tuayevin Azərbaycan yığmasına ürəyi yanır, ona görə istəyir ki, yoxlama görüşünə rəqib tapılsın? Ay-hay, Tuayevin istədiyi odur ki, köhnə tanışları, dostları gələcək, qohumu bütün günü Putinin şəninə təriflər yağdıran Valeri Qazzayevlə Bakıda oturub yenə dərdləşəcəklər. Bizə lazımdır bu?

“Qarabağ” – “Qalatasaray” oyunundakı siyasi mesajlardan sonra Rusiya yığmasının burda nə işi var? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Bakı Olimpiya stadionuna gəlib xeyriyyə matçını izləməsi görüşün nə dərəcədə vacib, əhəmiyyətli olmasının göstəricisi idi.

Qoy Rusiya gedib öz halına ağlasın, özünə rəqib tapsın. Burdan-bura ağzımızın içində olan Gürcüstan millisi ilə son dəfə 2007-ci ildə qarşılaşmışıq. Əvəllər gürcülərlə tez-tez yoxlama matçlarında üz-üzə gələrdik. İndi deyəsən, onlar da bizi bəyənmir. Hər halda iki oyuna 9 top buraxan komanda ilə kim oynamaq istər ki? Tuayev AFFA İcraiyyə Komitəsinin üzvü kimi millimizin niyə bu vəziyyətdə olduğunu araşdırsa, daha yaxşı olar, nəinki Rusiyanı Bakıya dəvət etmək.

AYXAN

Bənzər xəbərlər