"Qəbələ"də 6 xalllıq oyun - Baxşıyev Sadıqova qarşı
Azərbaycan Premyer Liqasında 29-cu tura Qəbələdə start veriləcək. Turun elə ilk oyunu avrokuboklara vəsiqə baxımından böyük önəm kəsb edir. 36 xalla turnir cədvəlində 5-ci yeri tutan “Qəbələ” “Zirə”dən 2 xal geri qalır.
İlk “üçlük”dəki komandalardan “Qarabağ” və “Sabah” Avropaya vəsiqəni təmin ediblər . “Neftçi”nin də bu siyahıda olacağı heç kimdə şübhə doğurmur. Qalır 4-cü vəsiqənin sahibi.
“Zirə”dən fərqli olaraq, Elmar Baxşıyevin komandasının bir üstünlüyü var ki, “Qəbələ” kubokun yarımfinalındadır. “Qırmızı qaralar” finala gedən yolda “Səbail”lə qarşılaşacaqlar. Yəni “Qəbələ”nin kubokda final yolu heç də ağır görünmür.
“Qartallar” isə bütün ümidlərini çempionata dikiblər. Lakin Rəşad Sadıqovun komandası 4 oyundur ki, qələbəyə həsrətdir. Son iki xal itkisini bəlkə də başa düşmək olar, “Neftçi” və “Sabah” hər halda üst sıralarda yer alan kollektivlərdir. Lakin bundan əvvəl “Zirə” “Kəpəz”lə səfərdə 1:1, “Şamaxı” ilə isə evdə 2:2 hesabı ilə heç-heçə etmişdi.
“Qəbələ” son turda “Sabah”la matçda hesabda öndə olsa da, qapıçısı Səlahət Ağayevin kobud səhvləri nəticəsində məğlub oldu – 2:3. Bu komandalar arasında cari mövsümdə Qəbələdə keçirilən oyunun da taleyini qolkiper həll etmişdi. Amma həmin görüşdə “Qəbələ”nin yox, “Zirə”nin çərçivə qoruyucusu Mehdi Cənnətov kobud səhvlə yadda qalmışdı. O, oyunun son saniyələrində Ülvi İsgəndərovun meydanın mərkəzindən vurduğu topu dəf edə bilməmişdi.
Heyətin genişliyi baxımından “Zirə” rəqibindən xeyli yaxşı vəziyyətdədir. Amma iş orasındadır ki, Hamidu Keytanı çıxmaq şərti ilə qəsəbə klubunun digər legionerləri aşağı-yuxarı eyni səviyyədədidrlər. Bu baxımdan bəzən Sadıqov üçün də heyəti müəyyənləşdirmək çətin olur. “Neftçi” ilə son oyunda baş məşqçi Lukoviç, Broqno, Kulaç, Abbas İbrahim kimi əcnəbiləri sonradan meydana buraxmışdı. Hələ Adileu, Toni Qomes və Paxtman ehtiyatda qalmışdılar.
Bu oyun həm də məşqçilərin dueli baxımından da önəmlidir. Hər iki gənc məşqçi özünü sübut etməyə çalışır. Baxşıyevin adı artıq “Neftçi” ilə hallanır, “ağ-qaralar” Regekampfı istefaya göndərsə və yerli məşqçi axtarışına çıxsa, bir nömrəli namizəd Baxşıyevdir.
Sadıqov isə ardıcıl ikinci mövsüm “Zirə”ni avrokubiklara çıxarmağa çalışır. Özü də bu ilki heyət ötən mövsümdəkindən xeyli güclüdür.
“Qəbələ” qalib gəlsə, turnir cədvəlində “Zirə”ni keçəcək. Bir sözlə, motivasiya üçün yetərincə səbəb var. Qalır, çıxıb yaxşı, maraqlı oyun göstərmək.
AYXAN







