featured-image-6798

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Msport.az  xəbər verir ki, qitə birinciliyinin ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri gücünü sınayıb.

Qurban Qurbanov (72 kq) yarışa inamlı start verib. O, sırayla norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək  finala yüksəlib. Qurbanov həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gələcək.

Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb – 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl məğlub edən (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb – 1:9. Nihat bürünc medal uğrunda güləşəcək.

Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi minimal fərqlə (3:2), 1/8 finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. 1/4 finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub – 1:4. Kənan bürünc medal görüşünə çıxacaq.

Rauf Əliyev (82 kq) ilk görüşdə slovakiyalı Matyas Şeylerdən güclü olub – 3:0. Ancaq 1/4 finalda gürcü Açiko Bolkvadze keçilməz olub – 1:6. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşə çıxacaq. Mingəçevir güləş məktəbinin yetirməsi ukraynalı Ruslan Abdiyevlə qarşılaşacaq.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyunun 29-da keçiriləcək.

Bənzər xəbərlər