Rəşad Sadıqov: "Heç yerdən ikiəlli yapışmamışam" - VİDEO
Azərbaycan Premyer Liqasının 29-cu turunda “Qəbələ” öz meydanında “Zirə” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov buraxdıqları qollara izah tapa bilmədiyini deyib:
“Əslində, hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı. Hansısa klubun bu cür toplar buraxdığını xatırlamıram. Üstümüzə gələn toplar qapıya daxil olur. Açığı, bununla necə mübarizə aparacağımızı bilmirəm. Buraxdığımız qolların 80 faizi belədir”.
O, qapı xəttində rəqabəti artırmaq üçün qış fasiləsində qolkiper axtardıqlarını söyləyib: “Amma düşündüyümüz oyunçu olmadı. Burada limit söhbəti də var. Qapıçı da legioner olsaydı, meydanda 4 yerli futbolçu oynatmaq çətinləşəcəkdi”.
Sadıqov əlindəki heyətdən razı olduğunu vurğulayıb: “İndi nə desəm, boş olacaq. Bugünədək nəsə axtarıb tapır, fikrimizi ifadə edirdik. Artıq deyiləsi söz yoxdur. Çox qəribə oyun oldu. Səbr edib, işimi davam etdirirəm. Amma şərh tapa bilmirəm. Ümidsizlik mənə xas olan şey deyil. Sonadək mübarizə aparacağıq. Ölkə kubokunda mübarizəni dayandırmağın da psixoloji cəhətdən üzərimizdə basqısı oldu. Hamını bir az sarsıtdı. Amma ümidsizlik ola bilməz”.
41 yaşlı mütəxəssisin sözlərinə görə, uğursuzluq olanda tək heyət yox, öz tutduğun vəzifə haqqında da düşünməlisən: “Mənim üçün də nəticə vermək çox önəmlidir. Hər hansı uğursuzluq olsa, rəhbərliklə danışacağıq. Problem mənimlə bağlı olsa, lazım olan addımı atacam. Çünki heç bir yerdən ikiəlli yapışmamışam, heç vaxt etmərəm. İndi bunu şərh etmək istəmirəm. Əsas fikrimiz 4-cü yeri tutmaqdır”.







