featured-image-27334

“Zirə” dünən Qəbələ səfərindən məğlubiyyətlə döndü. Qəsəbə klubu bu dəfə də qolkiperinin kobud səhvindən sonra qapısında qol gördü. 58-ci dəqiqədə Ramon Maçadonun fərqləndiyi epizodda Anar Nəzirov topu əlindən buraxdı.

Ümumiyyətlə, “Zirə” bu mövsüm az qala, 3-4 turdan bir qapıçılarının xətasından məğlubiyyətlə üzləşir. Rəşad Sadıqov gah Nəzirovu, gah da Mehdi Cənnətovu çərçivəyə qoysa da, bunun da bir faydası olmur.

Bu mövsüm II dövrədə Qəbələdə keçirilən görüşdə də Ülvi İsgəndərov meydanın mərkəzindən topu irəli çıxmış Cənnətovun başı üzərindən tora göndərmişdi.

Dünən Rəşad Sadıqov qapıçı probleminin olduğunu desə də, qışda bu mövqeyə istədikləri futbolçunu tapa bilmədiklərini vurğuladı:

“Əslində axtarışlarımız var idi. Rəqabəti artırmaq üçün qapıçı transfer etmək istəyirdik. Amma istədiyimiz qapıçı olmadı. Olsaydı, hər hansı həmlə edərdik. Yerli oyunçu limiti də var. Çünki, sol cinah müdafiəçisi mövqeyində legioner oynadacaqdıq. Əvvəl Təmkin Xəlilzadə ilə Slavik Alxasov oynayırdı. Belə olan halda qapıda legioner oynada bilərdik. Bu dəyişiklikdən sonra düşündüm ki, qapıda legioner olsa, meydanda 4 yerli oynada bilməyəcəyik”.

“Zirə”nin baş məşqçisi legioner limitinə görə, çərçivəni yerli qapıçılara tapşırdığını deyir. Amma bunun ziyanını ikiqat çəkir. Bizim hesablamamıza görə, qəsəbə klubu cari çempionatda 9 matçda qolkiperlərinin kobud səhvlərindən qollar buraxıb.

Gəlin həmin oyunları və səhvləri xatırlayaq: 

2-ci tur. “Zirə” – “Sabah” 0:2 (1-ci qol, Abdullaye Ba) – Qapıçı Mehdi Cənnətov

6-cı tur: “Səbail” – “Zirə” 1:2 (Ağabala Ramazanov) – Anar Nəzirov

7-ci tur: “Zirə” – “Qarabağ” 1:7 (5-ci qol, Kadi) – Anar Nəzirov

12-ci tur: “Zirə” – “Neftçi” 0:3 (1-ci qol, Boqomolski) – Anar Nəzirov

13-cü tur: “Qəbələ” – “Zirə” 1:0 (Ülvi İsgəndərov) – Mehdi Cənnətov

21-ci tur: “Zirə” – “Qəbələ” 2:2 (1-ci qol, Utziq) – Mehdi Cənnətov

25-ci tur: “Zirə” – “Şamaxı” 2:2 (2-ci qol, Kamran Quliyev) – Mehdi Cənnətov

27-ci tur: “Zirə” – “Sabah” 0:2 (2-ci qol, Mikels) – Mehdi Cənnətov

29-cu tur: “Qəbələ” – “Zirə” 2:1 (1-ci qol, Maçado) – Anar Nəzirov.

Bir mövsüm ərzində sırf qapıçıların kobud səhvlərindən buraxılan bu qədər qol çox deyilmi?

 

AYXAN

Videonu hazırladı: Cavid Məmmədli

Bənzər xəbərlər