Şahin Diniyevin qəribə davranışları - VİDEO
“Səbail” dünən “Sabah” üzərində vacib qələbə qazanaraq, sonuncu pillədən qurtuldu. Oyunun sonları daha dramatik keçdi, Ceyhun Nuriyevin vurduğu top dirəkdən dönməsəydi, bəlkə də matç qonaqların xeyrinə bitəcəkdi.
Görüşün sonlarına yaxın “Səbail”in baş məşqçisi Şahin Diniyevin qəribə davranışları diqqətimi cəlb etdi. O, demək olar ki, oyunun axırında texniki zonada komandasına rəhbərlik etmədi. Həmin dəqiqələrdə bütün səlahiyyətlər köməkçi-məşqçi Azər Məmmədovun əlində idi. Diniyev ya sakit şəkildə oturur, ya da elə həmin vəziyyətdə ayaq üstə bir küncdə dayanırdı. “Səbail”in ikinci qolundan bir az əvvəl isə o, yaxındakı top daşıyan uşaqların yanında oturdu. Hətta uşaqlar da gülüşdü ki, “bu kişi neynəyir”. Sanki tarixinin ən vacib oyunlarından birinə çıxan onun komandası deyildi. .Zakpanın qolundan sonra isə Diniyev qayıdıb həmin uşağı öpdü.
Düzdür, sonradan 56 yaşlı mütəxəssis bütün bunları səhhəti ilə əlaqələndirib dedi ki, vəziyyəti yaxşı deyildi. Bu səbəbdən texniki zonada rəhbərliyi Azər Məmmədova tapşırmışdı. Hətta CBC Sport-a müsahibə verərkən də onun necə şok halında olduğu üzündən oxunurdu.
Düzü, Şahin müəllimin texniki zonadakı qəribə davranışlarını görəndə onun bu yolla komandasını sakitləşdirmək istədiyini düşündüm. Fikirləşdim ki, yəqin futbolçularına, texniki zonadakı hər kəsə göstərmək istəyir ki, “baxın, mən necə sakitəm, həyəcanlanmaq olmaz, oyunu bu cür davam etdirmək lazımdır”.
Əslində bəzən təcrübəli məşqçilər bu yola əl atırlar. Yadımdadır ki, o vaxt Yuri Syomin “Qəbələ”də işləyəndə dostlardan biri danışırdı ki, “prinsipial oyunda 1-ci hissədən sonra uduzuruq. Paltardəyişmə otağına girəndə gördüm ki, Syomin futbolçulara qışqırıb-bağırmaq əvəzinə, güzgünün qabağında saçını darayır. Fikirləşdim, yəqin göstərmək istəyir ki, baxın necə sakitəm, həyəcanlanmayın. Doğrudan da 2-ci hissədə çıxıb qələbə qazana bildik”.
Bilmirəm, indi Diniyev də Syominin metodlarından istifadə edirdi, ya yox, amma onun qəribə davranışları yəqin ki, çox adamın diqqətini cəlb etdi. Lakin qalibi mühakimə etmirər, əsas odur ki, “Səbail” vacib 3 xal qazana bildi.
ELNUR MƏMMƏDLİ







