featured-image-28889

Azərbaycan futbolu nə vəziyyətdədir, bunu az-çox, hamı bilir. Futbol ən populyar idman növüdür deyə millimizin nəticələrindən, çempionatımızın səviyyəsindən hər kəs xəbərdardır. Odur ki, söz düşən kimi hamı AFFA-nı, Canni de Byazini asır-kəsir. Təbii ki, adamlar haqlıdırlar, Avro-2024-ün seçmə mərhələsində ilk iki oyunda qapısında 9 top görən komandanı kim tərifləyər ki?

Amma problem təkcə futboldadırmı? Yox, digər komanda idman növlərində də vəziyyət faciəvidir. Həndbol üzrə kişilərdən ibarət millimiz bu günlərdə Bolqarıstanda keçirilən inkişaf etməkdə olan ölkələrin dünya çempionatında mübarizə aparır. Mübarizə aparır demək olarsa…

Yığmamız qrupdakı ilk oyunda Bolqarıstana 19:30 hesabı ilə uduzdu. Bəlkə də Bolqarıstanın meydan sahibi olmasını nəzərə alıb, bu məğlubiyyətin üstündən bir təhər keçmək olar. Amma ikinci görüşdə komandamız Nigeriyaya 18 top (!) fərqlə yenildi – 17:35.

Bu gün isə Naser Saliminin (onun haqqında da bir az sonra danışacağıq) rəhbərlik etdiyi kollektiv pley-off matçında Qvatemala qarşısında aciz qalıb – 20:28.

Azərbaycan Həndbol Federasiyasına 2016-cı ildən Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov başçılıq edir. Bakı-Quba yolu nə vəziyyətdədirsə, bu dəqidə həndbolumuz da o gündədir. Nasser Salimi ötən ilin iyulunda federasiyanın rəsmi saytına müsahibəsində deyirdi ki, “Yaxın gələcəkdə Azərbaycan həndbolunun Avropada öz sözünü deyəcəyinə ümid edirəm”. Avropa o yana qalsın, biz indi Nigeriya, Qvatemala qarşısında da aciz qalırıq.

Yeri gəlmişkən, İranla münasibətlərin bu cür gərgin olduğu dönəmdə milli komandaya bu ölkədən mütəxəssisin rəhbərlik etməsi nə dərəcədə doğrudur? Qardaş Türkiyədə kişi həndbolunun səviyyəsini hamı bilir. “Ay-ulduzlular” bu gün-sabah Avro-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar. Yəni Türkiyədən bura bir mütəxəsssis gətirmək mümkün deyil ki, iranlı məşqçinin ümidinə qalmışıq?

Gənclər və İdman Nazirliyinin nümayəndəsi İTV-nin efirində AFFA-nı o ki var tənqid elədi, görəsən, Elnur müəllimin həndbol yığmamızın durumundan xəbəri var?

AYXAN  

Bənzər xəbərlər