featured-image-1783

AFFA-nın baş katibi Sərxan Hacıyev bu gün jurnalistlərlə görüşüb. Msport.az xəbər verir ki, o, media əhlinə açıqlamasında bir sıra maraqlı məqamlara toxunub.

Hacıyev öncə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da vəzifə verilməsinə toxunub:

“Elxan müəllimin təyin olunduğu vəzifə kifayət qədər yüksəkdir. Hesab edirəm ki, bu, futbolumuzun inkişafına da müsbət təsir göstərəcək. Beynəlxalq tədbirlərin keçirilməsində Elxan Məmmədovun məqsədi futbolu inkişaf etdirmək olub. Həm təşkilatçılıq, həm də milli komandalar səviyyəsində ciddi işlər görülüb. Düzdür, hələ ki, A milli səviyyəsində ciddi uğurumuz yoxdur. Görülən işləri davam etdirəcəyik. Hər iki amil ölkəmiz üçün vacibdir. Birini digərindən fərqləndirməyəcəyəm və hər ikisinə böyük diqqət ayıracağam”.

Baş katib Elxan Məmmədovun əsas işinin Fransa və FIFA ilə bağlı olacağını söyləyib: “Fransaya yola düşməli və mayın 1-dən fəaliyyətə başlamalıdır. Həmin departament əvvəl FIFA-nın baş ofisində fəaliyyət göstəririrdi. Elxan Məmmədov ancaq FIFA-nın işçisi olacaq və AFFA-da ictimai əsaslarla fəaliyyətini davam etdirəcək. Digər məsələlər isə tam olaraq, baş katibin səlahiyyətinə keçəcək”.

Hacıyev AFFA-nın icraçı vitse-prezidentinin təyinatını son bir neçə gün ərzində öyrəndiyini vurğulayıb: “Məndə də məlumat yox idi. Amma düşünürəm ki, bu, mənim baş katib təyin olunmağımla bağlı məsələ deyil”.

Hacıyev Azərbaycan millisinin uğursuz çıxışından da danışıb: “Futbola canı yanan hər kəs millinin nəticəsinə baxanda kədərlənir. Biz özümüz də xoş hisslər keçirmirik. Malta və Latviya yığmalarına qarşı keçirilmiş matçlardakı məğlubiyyət yolverilməzdir. Belə olmamalıdır. Düzdür, yoldaşlıq matçları idi. Baş məşqçi rotasiyalar etmək istəyirdi. Canni De Byazi optimal heyəti müəyyənləşdirmək üçün yığmaya legionerlər dəvət etmişdi. Amma bu cür nəticələr qəbulolunmazdır. İnanırıq ki, De Byazi artıq beynində optimal heyəti qurub. UEFA Millətlər Liqasında başqa nəticələrə ümid edirik”.

O, milli komandada mümkün baş məşqçi dəyişikliyinə və yerli mütəxəssisin təyinatına da toxunub: “Bu məsələlər müxtəlif vaxtlarda müzakirə olunub. Hazırda bunun hansı səviyyədə olduğunu deyə bilmərəm. Şəxsi fikrim belədir ki, hazırda Azərbaycanda yüksək standartlara cavab verən yaxşı mütəxəssislər var. AFFA rəhbərliyi səviyyəsində hansısa danışıqların aparıldığı barədə bir söz deyə bilmərəm. Çünki əsas diqqət Millətlər Liqası ilə bağlıdır. Mütləq qrupda birinci yeri tutmalıyıq”.

Funksioner bildirib ki, baş katib kimi qarşısına müəyyən məqsədlər qoyulub: “İlk növbədə hazırkı kursu davam etdirməliyik. Buraya tək futbol yox, futzal, çimərlik və qadın futbolu da daxildir. Bilirsiniz ki, qadın futboluna böyük diqqət yetiririk. Düzdür, hərdən böyükhesablı məğlubiyyətlər olur.

VAR sistemini fevral ayında tətbiq etmək istəyirdik, alınmadı. Amma işi sona çatdırmaq lazımdır. Ötən həftə sınaqdan keçirildi. Bu həftə də olmalı idi. VAR-ın tətbiqi hər ölkədə eyni deyil, bir-birindən fərqlənir. Bunun əsas qaydası odur ki, VAR-ın tətbiqi üçün 28 oyun keçirilməlidir və sonuncu matçda heç bir problem olmamalıdır. Həmçinin 2 klubun Premyer Liqaya buraxılması məsələsi müzakirə olunur. Hər hansı fors-major hal olmasa, proses gerçəkləşəcək”.

AFFA rəsmisi bölgə futbolu ilə bağlı müəyyən layihələrin olduğunu əlavə edib: “Sadəcə, indi açıqlaya bilmirəm. “Şamaxı”nın “Neftçi”yə qarşı oyununda azarkeş dəstəyini hiss etdim. Ab-hava çox gözəl idi. Bu amil sübut etdi ki, bölgələrdə futbolu inkişaf etdirmək lazımdır. Regionlarda azarkeş amili böyük rol oynayır. Bu gün üçün əsas hədəf 2 klubun Premyer Liqaya gəlməsidir. Ümumi vəziyyət onu göstərir ki, bunlar “Kəpəz” və “Turan Tovuz” klublarıdır. Lisenziyalaşdırma Komissiyasının iclasından sonra bu komandalar Premyer Liqaya hazır olsalar, böyük ehtimalla elitada iştirak edəcəklər”.

AFFA-ya gəlişinədək hakimlik və şahmatla məşğul olduğunu deyən Hacıyev ilk işinin milli assosiasiyada olduğunu deyib: “Əliyar Ağayev və Orxan Məmmədovla eyni vaxtda hakimlik etmişəm. Özümü laysman kimi daha rahat hiss edirdim. Hakim üçün ən önəmli amil qətiyyət və kənardan gələn səslərə fikir verməməkdir. İlk dəqiqədə bu səhvləri etdinsə, davamı gələcək. Bu gün VAR söhbəti gündəmdədir. Məncə, lazımlı addımdır. Doğrudan da 2018-ci il dünya çempionatına baxsaq, görərik ki, VAR sistemi bəlkə də çempionluğun taleyini dəyişdi. VAR-ın qərarından sonra Almaniya qrupda qaldı”.

Hacıyev uşaq futboluna da toxunub: “Əsas odur ki, liqaların davamiyyəti təmin olunsun. Hazırda bu proses gedir. Bu, bir az texniki sahəyə olan sualdır. Həmçinin idman kriteriyasında belə bir məsələ var ki, yüksək liqada oynamaq istəyən klubların aşağı yaş qrupları üzrə komandaları olmalıdır. Düşünürəm ki, bu məsələdə daha ciddi olmalıyıq. Müəyyən qədər yumşalma olsa, bəzi klublar uşaq komandalarından da imtina edə bilər”.

O, qadın futbolu ilə bağlı UEFA-dan məktub aldıqlarını bildirib: “Qurum öz yarışlarında iştirak üçün bunu tətbiq etməyə başlayıb. Ya 2023/2024, ya da 2024/2025 mövsümündən bu həyata keçiriləcək. Premyer Liqada iştirak edən komandalarda bu məsələnin tətbiqi gündəmdədir”.

AFFA-nın baş katibi azarkeşlik etdiyi komandanın adını da açıqlayıb. O, İtaliya millisinin fanatı olduğunu bildirib. Hacıyev 2000-ci ildə İtaliya – Niderland matçından sonra bu kollektivə azarkeşlik etdiyini söyləyib:

“Ən sevdiyim futbolçu Alessandro Del Pyero olub. Məndə 6-7 forması var. Sırf ona görə “Yuventus”a azarkeşlik etmişəm. Amma son illər hiss edirəm ki, artıq əvvəlki həvəs qalmayıb. Bu, ya futbolun içində olmağım, ya da yaşla bağlıdır. Ona görə deyə bilmərəm ki, İtaliya yığmasının bütün oyunlarına baxıram. Yüksək reytinqli matçları izləməyə üstünlük verirəm”.

Bənzər xəbərlər