Tovuzda nə baş verir? - Niyə "istefa" şüarları" səsləndi?
Tovuzda dünən xoşagəlməz hadisələr yaşandı. Hər oyundan sonra “Ayxan, Ayxan” qışqıran, stadiona baş məşqçinin şəkli olan banner gətirən azarkeşlər bu dəfə “istefa” şüarları səsləndirdilər. Bəlkə də fanatlar “Turan Tovuz”un öz meydanında “Şamaxı”nı məğlub etməsini istəməkdə haqlıdırlar. Amma komanda 5 oyun qalib gəlməyəndə dəstək olmaq əvəzinə, bu cür reaksiya nə dərəcədə doğrudur?
Bu klub uzun illərdən sonra yenidən böyük futbola qayıdıb, yayda min-bir əziyyətlə heyət yığıblar. Təsəvvür edin, Tovuzda bina evi tapmaq mümkün deyil, komandaya gələn legioner isə yeni tikililərdən istəyir. Gəl indi bunu başa sal ki, dediyin Bakıdadır, Gəncədədir, burda ondan yoxdur. Bu misalı boşuna çəkmədim, belə şəraitdə bir ilə avrokubok xəyal deyil? Premyer Liqaya dönən kimi nəticə tələb etmək ən absurd istəkdir. Mövsümün əvvəlində yəqin ki, hər kəs “Turan”ın elitada yerini qoyuyub saxlaması ilə tam razılaşardı. İndi isə tələblər dəyişir… Tovuz klubunun inamlı oyunu bu fikirlərin dəyişməsinə gətirib çıxardı.
“Turan”la “Kəpəz”i müqayisə edəndə həmişə ağızdolusu danışardıq ki, Tovuzda rəhbərlik-baş məşqçi-azarkeş birliyi var. Suyu bulandıranlar yoxdur, Gəncə klubundakı kimi hər gün bir qalmaqal ortaya çıxmır. Nəticə də elə bunun sayəsində əldə olunurdu. Amma dünən göründü ki, Tovuzda da kimlərəsə bu birlik sərf etmir. Azarkeş stadionda istədiyi şüari səsləndirə bilər, lap tutaq ki, Ayxan Abbasov bu təzyiq qarşısında geti çəkilib istefa verdi. Yaxşı, kim gəlib işləyəcək? Yaxud da gələn adam Abbasov kimi nəticə verə biləcəkmi? Ümumiyyətlə, bir ilə komanda qurulmur axı. Bunun üçün müəyyən qədər vaxt lazımdır, səbr etməlisən ki, 2-3 ildən sonra istədiyin nəticəni görəsən. “Turan Tovuz” demək olar, Premyer Liqada yerini təmin edib, üstəlik komanda kubokda yarımfinala yüksəlib. İndiki reallıqda bundan artığına kim nail olacaqdı? Mənə maraqlıdır, Tovuz klubu kubokda “Neftçi”yə uduzsa, onda da “istefa” şüarları səslənəcək? Real danışsaq, indiki “Turan”la “Neftçi”ni necə tərəzinin bir gözünə qoymaq olar? “Turan”ın heyətinin yarısını satsan, tək elə Saldanyanın qiyməti qədər eləməz.
Yaxşı yadımdadır, “Huner Group”un təqdimat mərasimində şirkətin rəhbəri Ehtiram Quliyev də qeyd etdi ki, biz qısa müddət ərzində nəticə gözləmirik. Hələ komanda formalaşmalıdır, güclənməlidir, 3-4 ildən sonra nələrsə gözləmək olar. O başqa məsələ ki, “Turan”ın bəxti gətirər kubokda irəliləyər, lap yaxşı, amma reallığı nəzərə alanda bu komandanın avrokuboklarda nə işi var?
Ayxan Abbasovun mətbuat konfransında danışdıqlarından və stadiondakı davranışından da başa düşmək olar ki, baş verənlər ona çox pis təsir edib. Azarkeşlərdən dəstək gözlədiyi məqamda belə zərbə gözləmirmiş. Məncə, tovuzlu azarkeşlər bir il də səbr edib, gələn mövsüm daha yaxşı nəticələr, bəlkə də avrokuboklara vəsiqə tələb edə bilərlər. Növbəti oyunlarda da “istefa” şüarlarının davamı gəlsə, ab-hava pisləşəcək, komanda toparlanmaq əvəzinə geriləyəcək.
Əslində Ayxan müəllim də təzyiqləri normal qarşılayıb, bir az səbrli davransa, yaxşı olar. İndiyə qədər heç bir baş məşqçi azarkeşlərlə konfliktdən xeyir görməyb.
ELNUR MƏMMƏDLİ







