featured-image-27805

“Mən İcraiyyə Komitəsinin işinə qarışmıram. Çünki qanunverici orqandır. Qərarın doğru və ya yanlış olduğunu deyə bilmərəm. Belə fikirləşirlərsə, lap yaxşı”.

Bunu Msport.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. İcraiyyə Komitəsinin Canni De Byazini millinin sükanı arxasında saxlamaq qərarına münasibət bildirən mütəxəssis bunu şərh etmək istəmədiyini söyləyib:

“Bu barədə çox danışmaq olar. Təəssüf ki, mənası yoxdur. Mən hər zaman yerli məşqçinin tərəfdarı olmuşam. Bunun üçün də vaxt lazımdır. Belə baxanda, bu mövsüm üçün 1 oyun qalıb, iyunun 17-də Estoniya ilə oynayırıq. Bəlkə də buna görə onu postunda saxladılar. Amma səhvləri var. Məşqçilər Komitəsi olaraq, bunları özünə də demişik”.

O, problemin yalnız baş məşqçi ilə bağlı olmadığını vurğulayıb: “İstərdim ki, ən azı 4-5 futbolçumuz ölkə xaricində oynasın. Bu barədə fikirləşmək lazımdır. Bir də aşağı yaş qruplarına diqqəti artırmaq vacibdir. Onlar hər ay oynamalıdırlar. Bu, əsas amildir. Niyə İngiltərə klublarının çoxunda əcnəbi məşqçi işləyir? Özü də heç biri uşaq-muşaq deyil. Çünki ölkə futbolunun səviyyəsini qaldırmaq istəyirlər. Bizdə isə əcnəbi mütəxəssislər heç bir iz qoymurlar. Biri gəlib 2-3 il işləyib gedir, sonra başqası gəlir və hər şeyə yenidən başlayır”.

Bənzər xəbərlər