Azərbaycan futboluna düşmən kəsilən məşqçilər
Neçə il idi AFFA-nı qınayırdıq ki, çempionatda 8 komanda mübarizə aparır, elitadan aşağı heç kim düşmür, I divizionda qalib olmaq formal xarakter daşıyır. Axır ki, Premyer Liqada klubların sayı 10 oldu və nəhayət ki, Gəncə ilə Tovuz yenidən yüksək liqada təmsil olunmaq imkanı əldə etdilər.
Deyilənə görə, uzun illərdən sonra axrıncı yeri tutan komanda aşağı yuvarlanacaq. Hər halda AFFA-nın baş katibi Sərxan Hacıyev bir neçə dəfə bu fikiri səsləndirib və ümid edək ki, son anda nəsə dəyişməyəcək. Axır ki, Azərbaycan Premyer Liqasında da idman prinsiplərinə əməl oluna bilər. Bunun nəticəsidir ki, indi çempionatda sonuncu olmamaq uğrunda əməlli-başlı gərgin mübarizə gedir. Halbuki ötən mövsüm heç kimin vecinə deyildi ki, axrıncı yerdə hansı komanda olacaq.
***
Son sıralarda gedən komandaların məşqçilərinin açııqlamalarını oxuyanda adama elə gəlir ki, onlar Azərbaycan futboluna daha çox ziyan vururlar. 10-cu yerdə olan “Səbail”ə rəhbərlik edən Şahin Diniyev deyir ki, “klubda 180-ə yaxın adam işləyir, birdən-birə bunların üstündən xətt çəksək, diviziondan sonra qaytara biləcəyik”?
Axı kim deyir ki, diviziona düşəndə ştat sayını azaltmaq və ya hamını qovmaq lazımdır? İkincisi də, əgər bu olsa belə, bunu düşünən əlindən gələni edər ki, komanda Premyer Liqada qalsın. Halbuki qış fasiləsində “Səbail”in sükanı arxasına keçən Diniyev hələ də komandanı sonuncu yerdən çıxara bilməyib. Klubun büdcəsi, imkanları hətta ilk “altılıq”da olmaq üçün yetərlidir. Qışda cəmi iki futbolçu (David Qomis və Matiya Lyuyiç) transfer edən Diniyev fikirləşdi ki, bu heyətlə rahat şəkildə çempionatda qala biləcək. Amma həftələr keçdikdən sonra anladı ki, bu onun 2017-ci ildə qoyub getdiyi liqa deyil və başladı valı dəyişməyə. İndi o, “dörd klubdan birinin düşməsi faciə olar” tipli mesajlar verir.
Quyruğu qapı arxasıda qalan “Sumqayıt” tərəfdən də analoji fikirlər eşidirik. Samir Abasov da and-aman edir ki, heç kim I diviziona düşməməlidir. Nədir-nədir, “Sumqayıt”ın yaxşı akademiyası var. Adama deyərlər, akademiya varsa, İlnur Valiyevi, Kamran Əliyevi niyə Rusiyadan gətirib milliləşdirməyə çalışırsınız? Abasov iddia edir ki, “hansısa komandanın Premyer Liqanı tərk etməsi həmin şəhərin futboluna təsir edəcək”. Bu nə absurd fikirdir. Elə işlə ki, komanda axrıncı yeri tutmasın, şəhərə də təsir göstərməsin.
Bir sözlə, Premyer Liqada son yerləri tutan komandaların baş məşqçiləri indi Azərbaycan futboluna AFFA-dan çox ziyan vururlar. Heç olmasa, AFFA gec də olsa ayılıb, çempionatı abıra salmaq istəyir. Yoxsa xaricdə eşidəndə ki, bizdə NBA kimi həmişə eyni komandalar oynayır, hamını gülmək tuturdu.
AYXAN







