"Dəyirman öz işində, çax-çax baş ağrıdır"
İTV-dəki “Sabaha saxlamayaq” şousunu səbirsizliklə gözləyirdim. Görüm, AFFA nümayəndələri millimizin biabırçı çıxışından, FİFA reytinqindəki mövqeyimizdən, uşaq futbolundakı problemlərdən nə danışacaqlar. Amma elə əvvəldən başa düşdüm ki, “dəyirman öz işində, çax-çax baş ağrıdacaq”.
Baş katib Sərxan Hacıyev bu vəzifəyə yeni gəlib, ona nəsə deməyə adamın dili də tərpənmir. Vaqif Sadıqov isə özü dilləndi ki, 4 ildir İcraiyyə Komitəsinin (İK) üzvüdür, yəni əvvəl baş verənlərin mənə aidiyyatı yoxdur. Amma dörd il ərzində Sadıqovun üzv olduğu İK ortaya nə iş qoyub ki? Ancaq yuxarıdan gələn tapşırıqlara əl qaldırmaqla kifayətlənməyiblər? Məgər De Byazi ilə müqavilənin uzadılmasına onun vaxtında “ok” verilmədi?
Dünən verlişdə çox maraqlı situasiya yaraandı: AFFA-nın baş katibi deyir “milliləşdirmənin əleyhinəyəm”, İK üzvü deyir “milliləşdirmə yaxşı deyil”, yığmanın məşqçisi deyir “milliləşdirmə doğru deyil”. Bəs bunlara pasportu gətirib verən kimdir? Qonşumuz Ağabala dayı? Uzun illər U-17, U-19 yığmalarına Almaniyada yaşayan türk futbolçular, Dağıstantandan oyunçular cəlb olunub, guya hansı dağı-dağın üstünə qoymuşuq ki? AÇ-2024-ün seçmə mərhələsinin Avstriya ilə matçında meydana çıxan futbolçulardan yeddisi milliləşən oyunçular idi. Hələ mən Rusiyada böyüyüb, boya-başa çatmış Ramil Şeydayev, Emin Mahmudov kimi futbolçuları nəzərdə tutmuram.
Dünənki efiri izləyəndə adamda belə təəssürat yaranırdı ki, AFFA rəsmiləri bütün deyilənlərlə razıdırlar: bəli, yığmamız pis gündədir, bəli, uşaq futbolu bataqlıqdadır, bəli, legionerləri gətirib doldurmuşuq, bəli, bəli, bəli… Hamınız haqlısız. Sanki söhbət başqa bir qurumdan, başqa bir ölkədən gedirdi və bu insanların məsələyə zərrə qədər aidiyyatı, məsuliyyəti yox idi.
AFFA-nın baş katibinə də ürəyim ağrıdı, hərdən adama elə gəlirdi ki, ölkə futbulunda ən az səlahiyyəti olan insanlardan biri də odur.
İllərdir Azərbaycan futbolunda olan Vaqif Sadıqov indi ölkədə oyunçu yetişmədiyindən gileylənir. Ay Vaqif müəllim, siz məşqçi, daha sonra İcraiyyə Komitəsinin üzvü kimi hansı addımları atdız? Yenə heç olmasa, millinin yerinə üzr istəmək işini öz boynunuza götürdüz. Yoxsa fikirləşərdik, görəsən ora niyə gəlmisiz?
AYXAN







