Neytral meydanda Qərb derbisi - İrəliləyən "Kəpəz", günü-gündən geriləyən "Turan"
“Kəpəz” dünən “Turan Tovuz” üzərində vacib qələbə qazanaraq xallarının sayını 28-ə çatdırdı. Artıq Gəncə klubu Ayxan Abbasovun komandasından cəmi 1 xal geri qalır. Halbuki Tərlan Əhmədov baş məşqçi təyin olunarkən, “Kəpəz” “Turan”dan 11 xal geri qalırdı.
Görünür, tovuzlular vaxtından əvvəl arxayınlaşdılar, çempionatın əvvəlində yığılan xallar onları çox rahatlaşdırdı. Mövsümün gedişində hətta bəzi futbolçularla müqavilələrin müddəti də uzadıldı.
Bir dəfə Ayxan Abbasov demişdi ki, “motivasiya azlığı ola bilməz, çünki mükafat var və hər futbolçu bunu qazanmaq istəyər”. Amma belə görünür ki, hətta maddi qazanc da mürgüləyən Tovuz futbolçularını ayıltmır. Komanda 7 oyundur ki, qələbə qazana bilmir. Əhval-ruhiyyənin korlandığı, tribuna ilə kollektiv arasında bağın itdiyi məqamda “Turan” gələn həftə “Neftçi” ilə kubok matçına çıxacaq. İndi baş məşqçi nəyin hesabına olursa-olsun, futbolçularını ayıltmalıdır. Söhbət “ağ-qaralar” üzərində qələbə qazanmaqdan, finala çıxmaqdan getmir. Şəxsi fikirim belədir ki, bu mövsüm “Turan”a heç avrokuboklara vəsiqə də lazım deyil. Amma dolu tribunalar qarşısında, komandadan incimiş azarkeşlər önündə futbolçular can qoymalı, sonadək döyüşməlidirlər. Əks halda “Turan”da qarışıq vəziyyət daha gərgin məcraya gəlib çıxa bilər.
***
Gəncədə isə Qərb derbisindən sonra şadyanalıqdır. Bu da Azərbaycan futbolunun daha bir özəlliyi – Qərb derbisi Qərbdə yox, fərqli istiqamətdə Şimali-Qərbdə keçirildi.
Dünən “Kəpəz” həm də sübut etdi ki, rəqibləri üçün yalnız bostanı xatırladan Gəncə stadionunda təhlükəli deyil. Əla qazona malik Qəbələdə də komanda baxımlı oyun nümayiş etdirdi. Təsəvvür edin, əgər “Kəpəz” bu mövsüm bütün ev oyunlarını doğma meydanda keçirsəydi, nə qədər xalı olardı. “”Kəpəz” 15 matçdan 10-nu Gəncədə, 4-nü Qəbələdə, birini isə “Dalğa Arena”da keçirib.
Hərdən adam fikirləşir ki, mövsümün gedişində Gəncə klubunda söz-söhbət yaranmasaydı, nəticələr daha yaxşı olardı. Amma bir tərəfdən də düşünürəm ki, Əhmədov elə bu qalmaqalların, söz-söhbətlərin, gərginliyin içində möhkəmləndi. Gəncədə hər adam baş çıxara bilmir, lakin Tərlan Əhmədov dalaşa-dalaşa, çarpışa-çarpışa həm komandanı düzəltdi, həm də yerini qorudu.
ELNUR MƏMMƏDLİ







