"Salamon boy-boy, Salamon boy"
1980-ci illərdə Nəsibə Abdullayevanın “Qara göz boy-boy” mahnısı çox sevilirdi. Əslində indi də kimdən soruşsan, bu mahnıdan az da olsa zümzümə edə bilər. “Neftçi”nin dünənki oyunundan sonra paytaxt klubunun azarkeşləri “Salamon, boy-boy, Salamon, boy” oxumasalar, yaxşıdır.
Kvirkveliyanın 31 yaşı olsa da, meydanda elə hərəkət edir, sanki bu gün sabah 41-i tamamlayacaq. “Qəbələ” ilə oyunda “Neftçi”nin buraxdığı hər iki qolda gürcüstanlı müdafiəçinin kobud səhvi var idi. Əvvəlcə o, Brkiçlə anlaşa bilmədi və Maçado bu şansı əldən vermədi. Bu epizod bir daha göstərdi ki, Brkiç də qarşısına böyük hədəflər qoyun klub üçün qapıçı deyil. Xorvatiyalı futbolçunun “Neftçi”ni çempionluğa və ya avrokubokların qrupuna apara biləcək potensialı yoxdur.
Solomon ikinci epizdodda da Məqsəd İsayevi cərimə meydançasında yerə sərdi və hakim haqlı olaraq penalti nöqtəsini göstərdi. İsnik Alimi “Qəbələ”nin üstünlüyünü bir az artırdı. Ümumiyyətlə, Kvirkveliya dünən əksər mübarizələri uduzdu, ağır olduğundan qarşısına cəld oyunçular düşəndə aciz vəziyyətdə qalır.
Hələ də anlamaq olmur ki, “Neftçi”nin məşqçilər korpusu, menecerləri karyerasınn qürub çağını yaşayan müdafiəçini nə ağılla gətiriblər? Maaşı az olsa yenə də cəhənnəm, bir təhər dözmək olar. Amma Salamon “Neftçi”də kifayət qədər yaxşı pul da alır. Görünür, Salamonu bəyənib gətirənləri onun karyerası aldadıb. Kvirkveliyanın yaxşı karyerası olub, bunu etiraf etməmək mümkün deyil. Gürcüstan millisində 44 oyun keçirib, “Lokomotiv”lə Rusiya çempionu olub, “Rubin”də kuboku qazanıb. Lakin bütün bunlar keçmişdə qalıb, indi o, günü-gündən geri gedir.
Dünənki məğlubiyyətə görə bütün günahları gürcü müdafiəçinin üstünə yıxmayaq. “Neftçi” bütünlükdə “Qəbələ”yə qarşı zəif oynadı. Matçdan bir neçə saat əvvvəl bütün bukmeker kontorlarından oyunun çıxarılması da adamın ağlına cürəbəcür fikirlər gətirir.
“Neftçi” 0:2 uduzur, fasilədən sonra Regekampf 3 dəyişiklik edir və heç biri də irəli xətti gücləndirəcək oyunçu deyil. Maraqlıdır, müdafiəçilər Höccət Haqverdi, Azər Salahlı və dayaq yarımmüdafiəçisi Eddi İsrafilovu 3-cü qolu buraxmamaq üçün meydana buraxırdı? Rumıniyalı məşqçi Boqomoski ilə Rəhman Hacıyevə yalnız 85-ci dəqiqədə şans verdi. Halbuki hər iki futbolçu daha tez oyuna daxil ola bilərdi.
“Neftçi” bəlkə də bu mövsüm Azərbaycan kubokunu qazandı. Amma görünən odur ki, Regekampfla uzağa getmək mümkün deyil. Rumıniyalı çətin ki, komandanı qruplara sala bilsin. Regenin dövründə “Neftçi” stabil oynamır, gəncləri isə vəziyyət pisləşən kimi meydandan çıxarır. Dünən də Fərid Yusifli ilə İsmayıl Zülfüqarlını ikinci hissə başlayanda oyundan aldı.
Gələn həftə “ağ-qaralar” kubokun yarımfinalında “Turan Tovuz”la qarşılaşacaq. Büdcəsinə, heyətinə görə daha imkanlı olan “Neftçi”nin növbəti mərhələyə vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilir. Amma bu komanda avrokuboklarda bir məhələdən artıq keçənə oxşamır. Əgər yayda heyətə yeni futbolçular (Kvirkveliya kimiləri yox) cəlb olunmasa, ciddi şəkildə nəyəsə iddia etmək mənasız görünəcək.
AYXAN







