featured-image-28098
AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri Xaçmazda səfərdə olub. Msport.az xəbər verir ki, səfər zamanı rəsmi şəxslər arasında görüş baş tutub.
Görüşdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, AFFA-nın İnfrastruktur üzrə direktoru Fuad Cəfərov, FİF-in icraçı direktoru Tural Piriyev, “Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və üzvü İxtiyar Asyabi iştirak edib.
Söhbət zamanı icra başçısına klub və FİF-in fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, ASCO-nun dəstəyi ilə Xaçmazda görülən işlər haqda fikir mübadiləsi aparılıb.
Ardından görüş iştirakçıları Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər. Maraqlıdı ki, həmin arenalar ASCO-nun dəstəyi ilə inşa edilir. Stadionların tikilməsində məqsəd orada “Səbail” akademiyasının təlim-məşq bazasının yaradılması, uşaq futbolunun inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun müvafiq yaş qruplarına aid komandaların istifadəsinə verilməsidi.
Qeyd edək ki, artıq xeyli vaxtdır ki, mətbuatda “Səbail”in bölgələrdən birini təmsil edə biləcəyi ilə bağlı xəbərlər yer alır. Bu tip yazılarda daha çox Şirvan şəhərinin adı çəkilsə də, orada stadion hələ hazır deyil və tikinti yarımçıq qalıb. Ona görə də “Səbail”in yaxın vaxtlarda Şirvana köçməsi o qədər də inandırıcı görünmür. Xaçmazla bağlı variant isə gələcəkdə reallaşa bilər. “Dənizçilər”in bir ildir ki, bu rayonda bazaları fəaliyyət göstərir. Hazırda Xaçmazda yalnız Olimpiya Kompleksinin stadionu var, amma onun da ölçüləri standartlara uyğun deyil.
Qeyd edək ki, bir müddət öncə AFFA-nın baş katibi Sərxan Hacıyev FİFA və UEFA-nın maliyyə dəstəyi ilə regionlarda yeni stadionların tikiləcəyini bildirmişdi. O, həmin vaxt yalnız Tərtərin adını çəkmişdi. İndi isə AFFA-nın infrastruktur üzrə direktorunun da Xaçmaza səfər etməsi belə düşünməyə əsas verir ki,  gələcəkdə həmin arenalarda biri də Xaçmazda istifadəyə verilə bilər.
AYXAN 

Bənzər xəbərlər