Şəhriyar Əilyev: "İstefa" qışqıranlar komandanı istəməyənlər də ola bilər"
“Şamaxı”nın Tovuza xal qazanmaq üçün gələcəyini, komapakt müdafiə olunacağını və bizi əks hücumlarda tutmağa çalışacağını bilirdik”.
Bunu Msport.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev deyib.
Premyer Liqanın XXIX turunda evdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşən futbolçu müdafiədə oturan komandaya qarşı matçda çətinlik çəkdiklərini bildirib: “Bir xal qazandıq. Qalib də gələ bilərdik, alınmadı. Bunu növbəti oyunlarda etməyə çalışacağıq”.
Onun sözlərinə görə, bütün komandalar bir-birilərini yaxşı analiz edirlər: “Bizim üstün tərəflərimizi bağlamağa çalışırlar. Hər komanda qələbə qazanmaq istəyir. Çempionatın sonudur, həm yorğunluq, həm psixoloji gərginlik olur. Qələbə qazanıb vəziyyətdən çıxmağa çalışacağıq”.
Əliyev matçın sonlarında bəzi azarkeşlərin baş məşqçi Ayxan Abbasovu istefaya səsləməsinə də toxunub: “Həmin adamların kim olduğunu bilmirəm. Amma “istefa” qışqırmaları komandaya, futbolçulara pis təsir edir. Elə vəziyyətdəyik ki, qarşıda “Kəpəz”lə derbi, “Neftçi” ilə kubok oyunumuz var. Bunu edənlər komandanı istəməyənlər də ola bilər. Azarkeşləri də başa düşürəm, nəticə istəyirlər. Lakin komanda cəmi 1 ildir yığılıb. Necə çətinlik çəkdiiymizi hamı bilir. Buna baxmayaraq, 6-cı yerdəyik, kubokda da şansımız var. Düşünürəm ki, bu cür şüarları səsləndirmək düzgün deyildi. Qarşıdakı oyunlarda qələbə qazanıb fanatlarımızı sevindirmək istəyirik”.
CAHİD







