featured-image-33923

Qızlardan ibarət basketbol üzrə Azərbaycanın U-16 komandası Avropa çempionatında ən zəiflərin yer aldığı C divizionunun qalibi olub. Yəqin ki, bir neçə gün ərzində bu hadisə bizə basketbolumuzun tarixi uğuru kimi təqdim olunacaq, Federasiya rəhbərliyi komanda üzvlərini qəbul edəcək, televiziyalar məşqçiləri və oyunçuları qonaq çağıracaqlar.

Təəssüf ki, Basketbol Federasiyası ölkədə bu idman növünü inkişaf etdirmək, qızların bu sahəyə marağını artırmaq əvəzinə, daha rahat yol seçib. Milliləşdirilmiş heyət… və nəticə var. Sabah rəhbərlik qarşısına nəticə vermiş şəxslər kimi çıxa biləcəklər.

Həmkarımız Elmar Rza sosial şəbəkədə maraqlı faktlara toxunub: baş məşqçi Evren Alkaya Andorra ilə final matçında vur-tut 6 oyunçunun xidmətindən istifadə edib. 12 nəfərlik heyətin 5 üzvü cəmi bir saniyə parketdə olub, biri isə ümumiyyətlə forma geyinməyib. Final görüşündə yığmamızın topladığı 57 xalın 44-ü (!) milliləşdirilmiş basketbolçuların payına düşüb. Ela Nur Gökçöl – 19 xal, Şilan Akbinqol – 15 xal, Deniz Gökçöl – 10 xal. Ümumiyyətlə, Ela Nur turnirin MVP mükafatına layiq görülüb, o həmçinin Şilanla birgə turnirin ən yaxşı “beşliy”inə seçilib.

Böyüklərdən ibarət yığma komandalara milliləşdirilmiş idmançıların cəlb olunmasını bəlkə də, müəyyən qədər başa düşmək olar. Bəs U-16? Axı bu basketbolçular bir neçə ildən sonra Azərbaycanın əsas seçmə komandasında çıxış etməlidirlər. Aydın məsələdir ki, heyətdə olan legionerlərin heç yarısı həmin vaxt ölkəmizdə qalmayacaq. Lap qalsa belə, bunun Azərbaycan idmanına, Azərbaycan basketboluna nə aidiyyatı?

Hamının başı tez-bazar nəticə verməyə, özündən yuxarı instansiyaların qarşısına “tapşırığı yerinə yetirdim” ədası ilə çıxmağa qarışıb. Fərid Qayıbov da təzə nazir seçiləndə “bizim üçün əsas kəmiyyət deyil, keyfiyyətdir” deyirdi. Yaxud da nazirliyin ən önəmli şəxsi Elnur Məmmədov İTV-nin efirində AFFA-nı milliləşdirmə siyasətində günahlandırırdı. Nə oldu, bu müddət ərzində nə dəyişdi?

Son Avropa oyunlarındakı uğursuz nəticələri hamı gördü. Bu cür U-16-ları milliləşdirə-milliləşdirə, 5-10 ildən sonra vəziyyət daha da betər olacaq. Heç olmasa, barı yeniyetmələr-gənclər yığmalarına dəyməyin, özünüz bir-iki idmançı yetişdirin.

AYXAN 

Bənzər xəbərlər